Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm Hadisə Xəbərlər

“‘Günəşli” faciəsindən iki il ötür…

Bu gün, dekabrın 4-ü Xəzərdəki «Günəşli» neft yatağında baş vermiş yanğından 2 il ötür. Həmin hadisə vaxtı 64 neftçidən 34-ü xilas edilmişdi.

Hadisə ilə bağlı elə həmin günlərdə cinayət işi açıldığı, qəzanın səbəblərinin araşdırılacağı, günahkarların ədalət önünə çıxarlıcağı açıqlanmışdı. Ancaq indiyədək istintaqın nəticələri ictimaiyyətə bildirilməyib.

Hadisənin səbəblərinin araşdırılması məqsədilə yaradılmış dövlət komissiyası da indiyədək gəldiyi rəyi ictimaiyyətlə bölüşməyib.

Qəzanın ikinci ildönümünün Dövlət Neft Şirkətində (SOCAR) qeyd edilməsi ilə bağlı da hər hansı bilgi yoxdur. SOCAR-ın rəsmi internet səhifəsinə bununla bağlı, hələlik, hər hansı xəbər daxil edilməyib.

Şirkətin informasiya resursunda «Günəşli» neft yatağında baş vermiş hadisə, onun səbəblərinin araşdırılması, itkin düşən neftçilər barəsində əlavə informasiya çatımlı deyil.

«Günəşli» neft yatağındakı hadisənin ikinci ildönümünü anan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatını rəhbəri Mirvari Qəhrəmanlı hadisəyə görə, SOCAR-ın səlahiyyətli şəxslərinin də məsuliyyət daşıdığını bildirib və günahkarların cəzasız qaldığını vurğulayıb.

Ancaq bu dəyərləndirməyə, hələlik, SOCAR rəsmilərindən münasibət almaq mümkün olmayıb. Hərçənd, bundan əvvəl qurum oxşar ittihamları qəbul etmədiyini açıqlamışdı. Onda bəzi ekspertlər deyirdilər ki, qəzada insan itkilərinin qarşısını almaq olardı. Pis hava şəraitində işçilər yataqdan vaxtında çıxarılmalı idi.

M.Qəhrəmanlı əlavə edib ki, son 7 ildə ölkənin neft sektorunda bədbəxt hadisə və qəza nəticəsində 130-dan çox işçi həlak olub. Onların 80 faizini SOCAR-ın işçiləri təşkil edib.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında yanğın baş verib. Həmin vaxt 64 neftçidən 34-ü xilas edilib. 7 meyitin dərhal aşkar edildiyi, sonra axtarış nəticəsində daha 6 meyitin tapıldığı bildirilirdi.

Qalan neftçilər rəsmın, itkin düşmüş hesab edilirlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir