Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm

“Nardaran işi – 3”: “Bizə olunan zülmün cəzasını Allah verəcək…”

Nardaran hadisələri ilə bağlı daha bir məhkəmə yekunlaşır. 2015-ci il noyabrın 26-da altı nəfərin öldüyü əməliyyatdan sonra həbs olunan ilahiyyatçılar Elman Ağayev, Zülfüqar Mikayılov və daha on nəfərə dekabrın 6-da hökm oxunacaq.

Bu 12 nəfər bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu. Şərti olaraq, “Nardaran işi-3” adlandırılan bu məhkəmə prosesində on iki nəfər təqsirləndirilən şəxsdən üçünün son sözü qalmışdı. Onlar da dekabrın 4-də son sözlərini deyiblər. Ardınca da Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib.

“İttihamlar cəfəngiyyatdır”

Təqsirləndirilən şəxslərdən Mehman Quliyev son sözünü yazılı şəkildə hakimlərə təqdim edib. Deyib ki, hər şeyi yazıb, ona görə əlavə çıxış eləmək istəmir. Yalnız o məlum olub ki, Mehman Quliyev günahsız həbs olunduğunu bildirir, haqqında bəraət hökmünün çıxarılmasını istəyir.

Başqa bir təqsirləndirilən Mehman Məmmədov isə geniş danışıb. Deyib ki, ona verilmiş terrorçuluq, dövlət çevrilişinə cəhd, silah-sursat saxlama və digər ittihamlar cəfəngiyyatdır. Nardaranda əməliyyat keçirilən zaman evində olduğunu deyən Mehman Məmmədovun sözlərinə görə, qəsəbə ağsaqqallarının məsləhəti ilə kənddəki meydana gedib. Məqsəd də qəsəbədə sakitliyin yaranması olub.

“Sonradan eşitdim ki, polislər məni axtarır. Ona görə də elə özüm idarəyə getdim. 2015-ci ilin noyabrında parlament seçkiləri keçirilmişdi. Şəxsən mən özüm də seçkiyə dəstək vermişəm. Niyə bu dövləti yıxmaq istəyim ki? Seçkidə İlham Əliyev Nardarandan 83 faiz səs toplayıb. Əgər biz dövlətə qarşı çıxsaydıq, belə nəticə olmazdı axı…”, – Mehman Məmmədovun sözləridir.

Heç bir təqsiri olmadığı halda, iki ildir həbsdə saxlandığını söyləyən Məmmədov heç bir siyasi partiyanın, təşkilatın üzvü olmadığını bildirib. Deyib ki, hələlik heç yerə şikayət etmədən məhkəmənin hökmünü gözləyir. Çünki məhkəmənin ədalətli hökm verəcəyinə inanır.

“Burada İŞİD-in barmağı var”

“İndiyə qədər də başa düşə bilmirəm ki, bizi günahsız yerə niyə həbs ediblər. Burada İŞİD-in barmağı var. İnana bilmirəm ki, bunları Daxili İşlər Nazirliyi eləsin… Prezident buna razı olmazdı. Prezidentin müşavirinin həyat yoldaşı, prezidentin sinif yoldaşı bizim qohumlardır. Prokurorluqda və başqa dövlət orqanlarında da yaxınlarımız işləyir. Amma mən heç kimə ağız açmamışam. Günahı olan ağız açar, mənim isə heç bir günahım yoxdur”, – Mehman Məmmədov çıxışının sonunda belə deyib.

“Bunlar kiminlə vuruşur, Allahla?”

Sön sözünü deyən axırıncı təqsirləndirilən Faiq Allahverdiyev də nəinki özünün, onunla birlikdə mühakimə olunanların da günahsız olduğunu bildirib. Deyib ki, günahsız insanlara zülm eləyənlərin cəzasını Allah verəcək: “İmam Hüseyn məclisində bizləri tutdular. Nə qədər günahsız adama zülm olunub. Bunlar kiminlə vuruşur, Allahla? Bizə olunan zülmün cəzasını da elə Allah verəcək…”

Faiq Allahverdiyev də çıxışının sonunda bəraət istəyib.

Ardınca hakimlər müşavirəyə gedib. Elan olunub ki, hökm dekabrın 6-da oxunacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir