Bu gün Bakının Sabunçu rayonunda silahlı insident baş verib. Hadisənin bəzi təfərrüatları məlum olub.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə zamanı Bakı şəhər sakini Vidadi Quliyev öz evində gözətçi kimi fəaliyyət göstərən Lənkəran şəhər sakini Elşad Kazımovu güllələyib.
İlkin məlumata görə hər iki şəxs sərxoş vəziyyətdə olub. Onlar bir-birini nalayiq ifadələrlə təhqir edib. Aralarında yaranmış mübahisə zamanı ev sahibi gözətçiyə, yəni E.Kazımova evində olan “Makarov” markalı tapança ilə atəş açıb.
Əl və qarın nahiyəsindən xəsarət alan E.Kazımov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, E.Kazımov əməliyyat edilib. O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti kafidir.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub.