Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Bakıda bəzi çimərliklər bağlandı

Bu ilki çimərlik mövsümündə Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində çimmək qadağan edilib. Bu barədə virtualaz.org saytına Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Z.Kazımovun sözlərinə görə, çimərlik ərazilərində aparılan monitorinq yekunlaşıb. “Artıq neçə ildir ki, “Sahil” və “Şıx” çimərliklərində dəniz suyundan götürülən nümunələrdə bakterioloji çirklənmə normadan yüksək olur. Buna görə də, çimərliklərin qadağan edilməsi ilə bağlı verilmiş 83 saylı qərar qüvvədə saxlanılıb”, – Kazımov əlavə edib.

Şöbə müdiri deyib ki, qadağan olunmuş çimərliklərlə bağlı xəbərdarlıqlara əməl edilməlidir. Əks halda müxtəlif xəstəliklər tapa bilərlər. Digər çimərlik ərazilərindən isə götürülmüş analizlərin nəticəsi norma daxilində olub.

Z.Kazımov qeyd edib ki, mərkəz Suraxanı rayonu ərazisindəki “Duzlu göl”də çimməyi builki yay mövsümündə də rəsmən qadağan edilib. Göl istifadəyə əsla yararlı sayılmır. Buna səbəb isə gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmasıdır. Göl ətrafındakı antisanitariya vəziyyəti də xəstəlik mənbəyi hesab edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də çimərlik ərazisində monitorinq keçirib. Nazirliyin ötən həftənin sonunda yaydığı açıqlamada deyilir ki, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb. Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son 10 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.

Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.

Onu da yada salaq ki, təhlükəli elan olunmasına baxmayaraq nə sadə vətəndaşlar , nə də sahil boyu istirahət obyektləri işlədən sahibkarlar qərara məhəl qoymur. “Şıx” və “Sahil” çimərliklərində, “Duzlu göl” də kafelər, çayxanalar fəaliyyət göstərir, bu əraziyə gedənlərin sayı azalmır. Ziyəddin Kazımov deyir ki, çimərliklərin qadağan olunması ilə bağlı meriyaya və rayon icra hakimiyyətlərinə rəsmi məktub göndərilir.

Başı mövsümdə 5-10 manat qazanmağa qarışan rayon icra hakimiyyətləri və polis isə vəziyyətə göz yumur, təhlükəli hal yarandığı halda isə vətəndaşlar günahlandırılır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir