Bu gün təmas xəttində tapılmış Azərbaycan hərbiçisinin cəsədi 1988-ci il təvəllüdlü Cəlilbəyli Bəhruz Pərviz oğluna aiddir. Cəsəd Naxçıvanın Ordubad rayonu istiqamətində, Ermənistan SQ-nin mövqeləri yaxınlığında aşkar edilib, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumatda deyilir.
Mənbənin məlumatına görə, Cəlilbəyli hərbi cinayət törətdikdən sonra özbaşına hərbi hissəni tərk edib. O, həqiqi hərbi xidmətə 2017-ci ilin yanvarında çağırılmışdı.
Hərbiçinin Ermənistan mövqeləri yaxınlığına necə getdiyi və hansı cinayəti törətdiyi açıqlanmır.
Öz növbəsində, Azərbaycanın hərbi əsirlərin və girovların işləri üzrə Dövlət Komissiyası həlak olan şəxsin cəsədinin alınmasında köməklik göstərilməsi xahişi ilə beynəlxalq təşkilatlara müraciət edib.