Dağlıq Qarabağda münaqişənin həll olunmaması narahatlıq doğurur, bu barədə NATO baş katibi Yens Stoltenberq cümə axşamı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün yekunlarına görə bildirib.
“Bu gün biz Cənubi Qafqazda regional təhlükəsizliyi müzakirə etdik. Dağlıq Qarabağda münaqişənin həll olunmaması bizdə narahatlıq doğurur. Aydındır ki, bu münaqişənin hərbi həll yolu yoxdur”, deyə Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO Dağlıq Qarabağ münaqişəsinin həlli üçün formalaşdırılmış ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. “Tərəflərin problemin həllini tapmağa çalışması, habelə gərginliyin artmasından uzaq durmaq üçün səy göstərməsi çox vacibdir”, deyə o qeyd edib.
Öz növbəsində, Əliyev bildirib ki, Ermənistan nizamlanmaya can atmır və status-kvonu saxlamağa çalışır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması haqqında dörd qətnaməsini xatırladan Əliyev deyib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünə riayət olunmaqla həll oluna bilər