Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Müsavat bəyanat yaydı: “Təzyiqlərə son qoyulsun”

Müsavat Partiyası hökumətdən təzyiqlərə son qoyulmasını tələb edir
“Müsavat Partiyası hesab edir ki, hakimiyyətin Bastainfo.com saytına və Müsavat Partiyasının funksionerlərinə qarşı həyata keçirdiyi qanunsuz təzyiqlər Konstitusiya ilə hüququn aliliyinin bəyan edildiyi cəmiyyətdə yolverilməz olmaqla bərabər, həm də cəmiyyətdə olan gərginliyi daha da artırılmasına gətirib çıxarır”.
Bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.
Müsavat Partiyası siyasi hakimiyyətdən insanların fundamental hüquqlarına hörmətlə yanaşmağı, Bastainfo.com saytına girişə qoyulan məhdudlaşmanın aradan qaldırılmasını, Müsavat Partiyasının üzvlərinə və bastainfo.com saytının əməkdaşlarına qarşı təzyiqlərə son qoyulmasını tələb edir”.
Sənəddə vurğulanır ki, iyulun 7-də Baş Prokurorluq Bastainfo.com saytında dərc edilmiş məqalələrlə bağlı heç bir qanuni əsas olmadan Cinayət Məcəlləsinin 313-cü (bilərəkdən yalan məlumat yaymaq, vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi qaldırıb.
Müsavat Partiyası qeyd edir ki, iyulun 9-dan başlayaraq Bastainfo.com saytının baş redaktoru Mustafa Hacılı hər gün Bakı Şəhər Prokurorluğunda şahid qismində dindirlib.
“İyulun 10-dan heç bir məhkəmə qərarı olmadan Baş Prokurorluğun təqdimatına əsasən Bastainfo.com saytına Azərbaycandan giriş bloklanıb. Mustafa Hacılı 5 gün ərzində prokurorluqda şahid qismində dindirilib, istintaqın ikinci günü fasiləsiz olaraq 11 saat ərzində prokurorluqda saxlanılıb və bununla onun azadlığı faktiki olaraq məhdudlaşdırılıb. İyulun 13-də və 14-də prokurorluq Bastainfo.com saytı ilə əməkdaşlıq edən Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah, Müsavat Partiyasının Məclis üzvləri Rüfət Baxışbəyli, Könül Alı, Bastainfo.com saytının informasiya fəaliyyəti ilə heç bir əlaqəsi olmayan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Tural Hacıbəyli də prokurorluq tərəfindən istintaqa cəlb edilərək şahid qismində dindirilib”.
Müsavat Partiyası baş verənləri Azərbaycanda söz və ifadə azadlığına qarşı növbəti təhdid kimi kimi qiymətləndirir.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir