Avropa İnsan Haqları Məhkəməsi (AİHM) jurnalist Əfqan Muxtarlının işini araşdırmağa başlayıb. AİHM iyunun 8-də Azərbaycan hökumətinə jurnalistin işi ilə bağlı suallar göndərib.
Əfqan Muxtarlının vəkillərindən Elçin Sadıqov AzadlıqRadiosu-na açıqlamasında deyib ki, həmin sualları cavablandırmaqdan ötrü 8 gün – iyunun 16-na kimi vaxt verilib. Hökumətin həmin suallara hansı cavab verdiyi, hələ ki, məlum deyil. Ancaq məhkəmə həmin cavablarla bağlı jurnalistin vəkillərini məlumatlandıracaq.
Avropa İnsan Haqları Məhkəməsi jurnalistin işini onun vəkillərinin Avropa Konvensiyasının 39-cu maddəsinə istinad edərək göndərdikləri şikayət üzrə araşdırmağa başlayıb.
E.Sadıqov AİHM-in araşdırmasının, artıq jurnalistin işinin istintaqında yeniliklərin baş verməsi ilə özünü büruzə verdiyini bildirib.
“İşgəncə ilə bağlı vəsatətlərimiz rədd olunmuşdu, indi deyirlər ki,…”
“Əfqan Muxtarlının işi ilə bağlı guya istintaq hərəkətlərinə başlanıb. Jurnalistin tibbi ekspertizasının nəticələri ilə bağlı qərarı bu gün (19 iyun) elan edəcəklər”, deyən vəkil bu qərarın anlaşılmaz olduğunu ifadə edib.
“Biz mayın 30-da vəsatət vermişdik. Əfqan Muxtarlının dərhal ekspertiza edilməsini tələb etmişdik. Məhkəmədə, bütün əlaqəli qurumlara müraciətimiz olmuşdu. Ancaq vəsatətlərimizin hamısı rədd edilmişdi. İndi isə deyirlər ki, işgəncədən 20 gün sonra qərarı elan edəcəyik”, – vəkil bildirib.
Onun sözlərinə görə, ekspertizanın qərarının verilməsi o zaman baş verir ki, xəsarət izləri tam silinib. Vəkil eyni zamanda Bakı İstintaq Təcridxanasının Ə.Muxtarlının üzərində heç bir xəsarət izinin olmaması barədə arayış tərtib edərək istintaqa təqdim etdiyini də qeyd edib.
“Əfqan Muxtarlı təcridxanaya aparılarkən ona tibb tarixçəsi açılıb. Həmin tarixçədə foto var. Fotoda jurnalistin üz nahiyəsindəki xəsarət izləri də aşkar görünür”, – vəkil deyib.