Siyəzən rayonunda “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin təşəbbüsü ilə “ Hasilat Sənayesində Şəfafflıq nədir ? -Təşəbbüsün bölgələrdə təbliği” mövzusunda Dəyirmi Masa keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə eyniadlı layihə çərçivəsində keçirilir.
Birliyin rəhbəri Şaban Nəsirovun verdiyi məlumata görə, bu layihə çərçivəsində Siyəzən rayonunda keçirilən üçüncü tədbirdir. Bundan sonra Şabran rayonunda da tədbirlər davam etdiriləcək.
Birlik sədrinin sözlərinə görə, Dəyirmi Masada Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünün vacibliyindən söhbət açılıb: “Bildirdik ki, təbii ehtiyatlar xalqa məxsus olduğu üçün, onlardan əldə olunan gəlirlər barədə məlumat almaq da hər kəsin haqqıdır. Azərbaycan Konstitutsiyasının 14-cü Maddəsində də bildirilir ki, təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. Yəni təbii ehtiyatlar Azərbaycan xalqının müştərək sərvətidir. Bu barədə məlumatların açıq olması istər dövlət qurumları, istərsə də özəl şirkətlər tərəfindən təmin olunmalıdır”.
Şaban Nəsirov hesab edir ki, təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına gətirib çıxara bilər.
O, Siyəzən Rayon İcra Hakimyyətinin əməkdaşlarının tədbirin təşkil olunmasında böyük rol daşıdığını bildirdi və icra başçısı Asif Hüseynova, eləcə də Dəyirmi Masanın təşkilində əməyi keçən Təhminə xanıma və Aqil müəllimə dərin təşəkkürünü bildirib.