Azərbaycanda pozitiv dəyişikliklər İlham Əliyevin istefasından keçir
Almaniyada yaşayan siyasi mühacir Rahib Bəxtiyarov Azərbaycanda iqtisadi durum və siyasi təzyiqlərdən danışdı.
R. Bəxtiyarov bildirdi ki, Azərbaycan hakimiyyəti yalançı propaqanda ilə guya iqtisadi inkişafda olduğumuzu göstərir: „Hamımızın gözü qarşısında bir neçə aydan bir Taarif Şurası əsas istehlak mallarının qiymətini qaldırır. Xüsusilə yanacaq və kommunal xərclərin artımı digər məhsulların bahalaşmasını şərtləndirir. Siyasi hakimiyyətin təbliğat maşını isə bildirir ki, əhali xan kefində yaşayır. Bir yerdə ki, insan aylıq 400-500 manat maaş alsın, orada hansı yüksək səviyyəli yaşayışdan söhbət gedə bilər“.
Siyasi mühacir daha sonra qeyd etdi ki, iqtisadi çətinliyi aradan qaldıra bilməyən hakimiyyət hər hansı sosial çağırışı siyasi etiraz kimi qarşılayır: „Hər hansı adam öz sosial, iqtisadi problemini səsləndirirsə, eyni zamanda hər hansı şəxs məmur özbaşınalığından şikayətçidirsə, onu siyasi müxalif kimi təqdim edirlər. Əslində siyasi müxalifət olmaq yalnız bizim ölkədə „günahdır“. Sadəcə sonra ona qarşı şər-böhtan kampaniyası başlayır. Sən demə həmin adam ölkə konstitusiyasına zidd olaraq hakmiyyət dəyişikliyi edirmiş. Ya da ki, narkotika satırmış evində. Beləliklə insanlar susdurulur və heç kəs narazıçılığını dilə gətirə bilmir“.
R. Bəxtiyarov bu fikirdədir ki, bütün proseslər siyasi rəhbərlik tərəfindən idarə edilir: „Azərbaycanda diktatura rejimi hakim olduğundan İlham Əliyevin icazəsi olmadan heç bir şey baş vermir. Hər hansı iqtisadi narazılığın susdurulması, siyasi müxalifət nümayəndəsinin həbsi, videoblogerin izlənməsi və s. hər şey onun nəzarəti altındadır. Məsələn, İlham Əliyevi sərt tənqid edən Elvin İsayevə verilən işgəncə barəsində Azərbaycanda bir nəfər də danışmır. Halbuki, ölkədə kifayət qədər hüquq müdafiəçisi var, onların səsi belə çıxmır. Niyə, çünki danışsalar deyəcəklər ki, bu adam İlham Əliyevi və ya Mehriban Əliyevanı sərt tənqid edib. Siyasi repressiyanın hansı səviyyədə olması özünü burada göstərir. Yaxud da bir neçə ay əvvəl Cəmil Həsənlinin ailə üzvünün video görüntüsünün yayılması. Kimdir Cəmil Həsənli, İ,Əliyevin offşor hesabları haqqında mütəmadi məlumatlar yayan siyasi müxalifətuin rəhbərlərindən biri“.
Sonda R.Bəxtiyarov vəziyyətin düzəlməsi üçün Azərbaycanda siyasi hakimiyyətin dəyişilməsinin zəruri olduğunu vurğuladı: „Bu hakimiyyət seçki, haqq, hüquq nə olduğunu bilmirlər. İlham Əliyevin komandası “Qarabağda qələbə” kartından istifadə edib hər kəsi susdururlar. Yeganə çıxış yolu İlham Əliyevin istefasından keçir“.
C.Hüseynov