Turan agentliyi ekspertlər və siyasətçilər arasında Türkiyədə keçirilən Konstitusiya referendumunun nəticələri ilə bağlı sorğu keçirib.
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, Türkiyədə keçirilən referendum “bütün regionda avtoritarizm qurulmasının” tərkib hissəsi olub.
“Hakimiyyətin bir əldə cəmləşməsi, parlamentin səlahiyyətlərinin azalması, məhkəmə hakimiyyəti üzərində müəyyən dərəcədə icra hakimiyyətinin nəzarətinin qurulması yalnız təəssüf doğura bilər”, deyə o qeyd edib.
Türkiyədə bu cür proseslər Azərbaycan hakimiyyətinin avtoritarizmi gücləndirməsinə və insan hüquqlarını daha çox pozmasına təkan verəcək, Hacıbəyli belə hesab edir.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də Türkiyədə parlament respublikasının qalmasının tərəfdarıdır.
“Eyni zamanda, türk xalqının siyasi iradəsinə hörmətlə yanaşmaq lazımdır. Bu gün Türkiyə xalqı, çox az üstünlüklə və ciddi tərəddüdlərlə də olsa, prezident respublikasının lehinə səs verib”, deyə Qəmbər bildirib.
O hesab edir ki, referendum regiona müəyyən təsir göstərəcək və demokratiyanın inkişafı çətinləşəcək.
“Hesab edirəm ki, bu, bir sıra daxili səbəblərlə və regional və qlobal proseslərlə şərtlənib. Amma bu, uzun sürməyəcək. Əminəm ki, Türkiyə parlament sisteminə qayıtmaq istəyəcək”, deyə Qəmbər bildirib.
ReAl hərəkatının icraçı katibi Natiq Cəfərli qeyd edib ki, referendum Türkiyə cəmiyyətini ikiyə bölüb.
“Yeni kursun tərəfdarları və əleyhdarları arasında fərq çox azdır. Bu, o deməkdir ki, gələcəkdə qərarların icrası çətinləşəcək, yeni siyasi sistemin əsasının qoyulduğunu demək çətindir”, deyə Cəfərli bildirib.
Türkiyənin dövlət başçısına geniş səlahiyyətlər verən prezident sisteminə keçməsi Azərbaycanda gedən proseslərə mənfi təsir göstərəcək.
Türkiyənin Azərbaycana böyük təsir imkanları var. Azərbaycan əhalisinin 60-65%-i Türkiyə telekanallarına baxır və antidemokratik, antiqərb təbliğatı Azərbaycanda siyasi mühitə mənfi təsir göstərəcək, Cəfərli belə hesab edir.
Öz növbəsində, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov öz Twitter səhifəsində yazıb ki, Türkiyə tarixində yeni mərhələyə qədəm qoyub. “Bu yolda Türkiyəyə uğurlar arzulayıram”, deyə Məmmədov yazıb.