Son bir ildə ölkənin valyuta ehtiyatları 12 milyard azalıb
Qeyd edək ki, 2016-cı ilin əvvəlinə ölkə 38,5 milyard dollarlıq valyuta ehtiyatına malik olub. Bunun 33,5 milyard dolları Dövlət Neft Fondunun (ARDNF), 5,16 milyard dolları isə Mərkəzi Bankın (MB) payına düşüb. Ötən ilin əvvəlində isə valyuta ehtiyatlarının məbləği 50,8 milyard dollar təşkil edib ki, 2015-ci illə müqayisədə Azərbaycanın valyuta ehtiyatları 24,1% azalıb. Başqa sözlə, Azərbaycan 2015-ci ildə valyuta ehtiyatlarının 12 milyard 271,6 milyon dollarını itirib.
Göründüyü kimi ölkənin valyuta ehtiyatları sürətlə əriməkdədir. 2001-ci ildən Dövlət Neft Foduna 120 milyard dollar vəsait daxil olub. Bu vəsaitin 80.5 milyardı faktiki olaraq göyə sovrulub. Ona görə göyə sovrulub ki, “analoqu olmayan iqtisadi inkişaf” modeli altında bu vəsaitlər məmur-oliqarxlar tərəfindən heç bir effekti olmayan qeyri-kommersiya təyinatlı nəqliyyat, social-mədəni və.s.real sektora heç bir töhvəsi olmayan layihələrə xərclənmişdir. Sadəcə olaraq bu pullar müxtəlif yollarla ölkədən çıxarılıb, müxtəlif tikinti layihələri adı altında mənimsənilib, müxtəlif ölkələrdə xeyriyyə tədbirlərinə sərf olunub və s.
Son 1 ildə də 12 milyard 271 milyon vəsait itirilib ki, buda milli valyutanın saxlanılmasına, mənasız tədbirlərə sərf olunub. Bütün bunlara baxmayaraq Mərkəzi Bankın yarıtmaz fəaliyyəti nəticəsində milli valyuta 1 il ərzində 2 dəfə dəyərdən düşmüşdür.
Reallıq budur ki, ölkənin neftdən asılılığı davam edir, xarici borc sürətlə artır, işsizlik səviyyəsi yüksəlir, yerli istehsal yox səviyyəsindədir, bank sektoru iflic vəziyyətə düşüb. Bir daha aydın olur ki, külli miqdarda vəsait yalnız ölkənin tənəzzülünə xidmət edib. Bu vəsaiti ölkəni çiçəkləndirmək üçün yox, bir qrup məmurun varlanması üçün sərf edilib. Bu isə ən böyük dövləti cinayətdir. Azərbaycan xalqına və onun gələcəyinə məxsus olan milyardlarla dolların məhv edilməsi, xalqın sabahının, dövlətin qüdrətinin məhv edilməsidir. Bu rəqəmlər həm də onu sübut edir ki, ölkənin bu vəziyyətə düşməsi qlobal böhranla, neftin qiymətiylə bağlı deyil. Bütün bəlaların səbəbkarı, dövlətə obyekt kimi baxan məmur-oliqarxiyadır.
Zamiq Şükürov
iqtisadçı-ekspert