Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Birinci rübdə Dövlət Neft Fondunun gəlirləri 3 mlrd. manat təşkil edib

2017-ci ilin birinci rübü ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 272,5 milyon manat, büdcə xərcləri isə 3 847,5 milyon manat təşkil edib, bu barədə ARDNF-nin hesabatında deyilir.

2017-ci ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 899,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 894,4 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 4,6 milyon manat  təşkil edib.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 1 525,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat vəsait ayrılıb. 2,0 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 279,0 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib.

2017-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 3,9 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 873,9 milyon manat təşkil edib.

2017-ci il aprelin 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 0,18% artaraq 33 207,2 milyon ABŞ dollarına bərabər olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir