Həbsdə olan gənc fəal Qiyas İbrahimovu həkimlər müayinə edib. Bu haqda aprelin 17-də onunla Bakı İstintaq Təcridxanasında görüşən vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, Qiyas İbrahimovun əhvalı yaxşıdır. “Ancaq gözlərindəki ağrılar davam edir. Həkimlər gözlərini müəyinə ediblər. Müalicə məqsədilə dərmanlar yazılıb. Bundan başqa, ona eynək də yazılıb”, deyə vəkil bildirib.
Bir aydan çox idi ki, gənc fəalın görməsində problemlər yarandığı bildirilirdi. Ötən həftə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Q.İbrahimovun müayinə və müalicəsi üçün nazirliyin Tibb İdarəsinə göstəriş verildiyini bildirmişdi.
Xatırladaq ki, Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə ötən il mayın 10-da saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi gəncləri heroin saxlamaq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib.
Amma həbsin əsl səbəbi gənclərin Heydər Əliyevin abidəsində yazdıqları siyasi şüarlar olub. Gənclər yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıblar.