Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın konstitusiyaya dəyişikliklərlə bağlı referendumda avtoritar nüfuzunun gücləndirilməsinə nail ola bilib-bilməyəcəyindən asılı olmayaraq bir məsələ aydındır: tənqidçilər və mediaya qarşı təqiblərə baxmayaraq, ölkədə dərin bölünmə mövcuddur və kəskin fikir ayrılıqları güclənməkdədir.
Bu, təkcə Türkiyə üçün deyil, regionda bütün maraqlı tərəflər üçün Türkiyənin Şərq və Qərb arasında həm iqtisadi güc, həm də tarixi strateji mövqeyi baxımından oynadığı rol nəzərə alınsa pis işarədir. Hazırkı dövrdə isə Türkiyə ilə qonşu Suriyada vətəndaş müharibəsi gedir və İslam Dövləti qrupu ölkənin sərhədlərində hərbi əməliyyatlar aparır.
Hökumətin Ərdoğanın səlahiyyətlərinin daha bir onillik və ya bundan da artıq müddətdə genişləndirilməsi kampaniyasının qarşısında bütün maneələri aradan qaldırmağa çalışmasına baxmayaraq, referendumun necə nəticələnəyini demək çətindir. Bu da nəticələrdən asılı olmayaraq, zorakılıq ehtimalının artmasına gətirib çıxara bilər. Çoxları keçən il iyul ayında dövlət çevrilişinə cəhdi çox yaxşı xatırlayır.
Hələ bir neçə il bundan əvvəl Türkiyə demokratiyanın çiçəkləndiyi və Avropa İttifaqına daxil olmaq yolunda olan bir ölkə təəssüratı bağışlayırdı. Türkiyənin gənc əhalisi ölkə üçün böyük potensial deməkdir. Ölkənin 75 milyonluq əhalisinin 19 milyonu 15 yaşından 29 yaşına qədər gənclərdən ibarətdir.
Amma Türkiyə bu gün 45 min adamın həbsdə olduğu insan haqları pozuntularında ittiham edilən bir ölkədir. Həbs edilmiş insanlar arasında parlamentdə ikinci böyük partiyanın kürd terrorçuları ilə əlaqədə ittiham edilmiş liderləri və doqquz parlament üzvü var.
“Hayır” kampaniyasının mitinqləri mümkün terrorizmlə əlaqədar olaraq qadağan edilib. Referendumla bağlı arqumentlər işıqlandırılmır. Əslində, referendumda təklif edilmiş hər hansı dəyişikliklərlə əlaqədar müxaliflik terrorizm adı verilmək riski qarşısındadır.
Bir zamanlar dinamik medianın azadlıqları ciddi şəkildə məhdudlaşdırılıb, jurnalistlərin çoxu həbs edilib. Ölkənin ədliyyə sistemi zəiflədilib. Türkiyədə işsizlik səviyyəsi 10.7 faizə, ölkənin gələcəyi olan gənclər arasında isə 25 faizə çatıb.
Türkiyənin Amerikanın nüfuz dairəsindən Rusiyanın nüfuz dairəsinə düşməsi mümkündür, Avropa İttifaqına üzvlük perspektivləri isə donub, ya da yox səviyyəsindədir.
Amma Ərdoğan ölkənin parlament sistemindən müxalifətin dediyi kimi diktaturaya oxşar prezidentlik sisteminə keçidini nəzərdə tutan təklif olunmuş dəyişikliklər vasitəsilə hakimiyyətini gücləndirmək niyyətindədir.
Vaşinqtonda Yaxın Şərq siyasəti institutunun təhlilçisi Söner Çağaptay ölkədə durumun dərin narahatlıq doğurdunu deyir.
“Ölkədə dərin sosial uçurum hətta ən nikbin insanda belə narahatlıq üçün əsas verir”-deyə o bildirib.
Başqaları prezidentin avtoritarlığının artmasına baxmayaraq, ölkənin bugünkü kimi qeyri-stabil durumunu görmədiklərini deyir.
11 il Türkiyənin baş naziri olduqdan sonra Ərdoğan 2014-cü ilin avqustunda ölkə prezidenti seçilib. Onun hakimiyyətə gəldiyi gündən siyasi landşaftı sürətlə dəyişməyə başlaması keçən il dövlət çevrilişinə cəhdə gətirib çıxardı. Bundan sonra o, hakimiyyətini Türkiyəni hazırda sarsıdan qeyri-müəyyənlik və terrorizm təhlükələri deyil, diktaturanı üstün tutanlarla birlikdə möhkəmlətdi.
Suriyada vətəndaş müharibəsindən qaçan təxminən üç milyon qaçqının ölkəyə axını da daxil olmaqla böhranlara baxmayaraq, Ərdoğan Türkiyənin ən populyar siyasətçisi olaraq qalır. Bunun əsas səbəbi onun partiyasının əvvəlki uğurları ilə bağlı olsa da, prezidentin ölkənin problemlərini həll etmək üçün güclü liderə ehtiyac olduğu haqda arqumentləri onun mövqeyinin möhkəmlənməsinə gətirib çıxarmışdır.
Avropa Şurası və Avropa İttifaqı kampaniyanın ədalətliliyi ilə bağlı narahatlıq bildirərək, referendumun iyulda çevriliş cəhdindən sonra elan edilmiş fövqəladə vəziyyət şəraitində keçirildiyini vurğulayıb. Müxalifətin qərargahları ətrafında hərbi qüvvələrin olması qorxu atmosferinin yaranmasına səbəb olur.
“Qanuni müxalifət və hökumətin siyasətinin tənqidi təhqirlər və repressiyalarla qarşılaşıb”-deyə Avropa Şurasının insan haqları komissarı Nil Mujniyeks bildirib (“Amerikanın səsi”).