Natiq Cəfərli: “Palata bir müddət sonra qərarı geri oxumaq məcburiyyətində qalacaq”
Əkrəm Həsənov: “Palatanın belə bir qərar vermək hüququ yoxdur”
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ezamiyyə xərclərinin nağdsız ödənişlərə keçirilməsi ilə bağlı verdiyi qərar ciddi narazılıq yaradıb. Hesab olunur ki, bu sahədə ciddi problemlər var və bu qərarın inzibati qaydada məcburi tətbiq edilməsi yanlışdır və heç bir effekt verməyəcək. Digər tərəfdən nağdsız hesablaşmaların həyata keçirilməsi üçün infrastruktur demək olar ki, yox səviyyəsindədir. Yalnız paytaxt ərazisində müəyyən qədər post-terminallar quraşdırılıb və nağdsız hesablaşmalar aparmaq imkanı mövcuddur.
Regionlarda isə demək olar ki, heç kim plastik kartdan istifadə etmir və ehtiyac yaranmadığı üçün post-terminallar da yoxdur. Olanlar da demək olar ki, işlək vəziyyətdə deyil. Digər tərəfdən ezamiyyə xərclərinin nağdsız ödənişlərlə necə həyata keçirilməsi məsələsi isə hələ də sual altındadır. Ümumiyyətlə, Palatanın verdiyi bu qərarda kifayət qədər boşluqlar var. Heç bir iş görülmədən, infrastruktur qurulmadan birdən-birə belə bir qərarın verilməsi ciddi problemlər yaradacaq. İqtisadçılar hesab edir ki, palata bir müddət sonra bu qərarın effektsiz olduğunu görəcək və geri oxumağa məcbur qalacaq. Digər tərəfdən məlumdur ki, bölgələrin bir çoxunda bank filialları yoxdur. Bunun özü də ciddi problemlər yaradır. Məsələn, ezamiyyətin vaxtı bitməmiş kartda pul bitərsə və həmin bölgədə bank və ya ödəmə terminalları yoxdursa, pulun hansı vasitə ilə balansa qoyulması da qərarda izah olunmur. Əslində niyə izah olunmadığı da aydın məsələdir. Çünki, bu vəziyyətdə kartın balansını bilmək artıq mümkün deyil. Nağd şəkildə də xərcləməyə icazə verilmədiyindən, belə görünür ki, ezamiyyətə gedən şəxs həmin günü küçədə keçirməlidir. Nəqliyyat, yemək xərclərinin ödənilməsində də eyni problemlər yaşanacaq. Nəzərə alsaq ki, bu gün heç bir avtomobil, taksi şirkətləri, özəl taksilər post-terminallardan istifadə etmir. Bu zaman ezamiyyətə gedən şəxs nəqliyyat xərcini necə ödəyəcək və ya sürücü pulu kartdan necə çəkəcək? Hər bir halda bu cür qərarların verilməsində iştirak edən şəxslər və ya qurumlar bu cür məsələlərə diqqət yetirməli idi. Palatanın verdiyi qərarda müzakirələrə səbəb olan digər bir amil isə məsələnin hüquqi tərəfidir. Nəzərə alsaq ki, bu günlərə qədər bu məsələlərlə Vergilər Nazirliyi məşğul olurdu və post-terminallar da onların balansındadır. Bəs o, zaman qərarı niyə Palata verir? Bütün bunlar hələ ki, cavabı olmayan məsələlərdir.
“Palata odu söndürü külü ilə oynayır”
Palatanın qərarını “Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, bu effektsiz və işlək olmayacaq bir qərardır. Onun sözlərinə görə, Palata bu qərarı vermədən öncə bu qərarın işləyə biləcəyi ifrastruktur qurmalı idi:
“Obrazlı desək, sanki Palata odu söndürüb, küli ilə oynayır. Bu sahədə o, qədər problem var ki, alt yapı olmadan, infrastruktur qurulmadan belə bir qərarın verilməsi Azərbaycan reallığında işləmir və bir müddət sonra dəyişikliklərə məruz qalır. Əslində Palatanın bu qərarı verməkdə məqsədi anlaşılandır. Palata bununla nağdsız hesablaşmaların təşviqinə və bütövlükdə maliyyə hesablaşmalarının şəffaflığına çalışır. Amma bunun üçün ilk növbədə infrastruktur hazırlanmalıdır. Bunun üçün təşviq proqramları qəbul olunmalı, insanlar bilgiləndirilməlidir. Ümumiyyətlə, post-terminallar vasitəsilə alış-veriş etmək ilk növbədə iş adamına sərf etməlidir. Nə qədər ki, bu sərf etməyəcək, bu tip inzibati qərarların verilməsi heç bir effekt verməyəcək. Bundan başqa əhali üçün də bir stimul olmalıdır ki, əhali buna yönəlsin. Hər dəfə təqaüdlər, maaşlar verilərkən bankomatların qarşısında onlarla, yüzlərlə növbə gözləyən insan görürük. Halbuki, həmin kartlar alış-verişdə də istifadə edilə bilər. Amma bu təşviq olunmayıb, insanların buna vərdiş etməsi üçün sosial çarxlar, reklamlar hazırlanmayıb. Hazırda infrastruktur da buna hazır deyil. Ona görə də Palatanın bu qərarına yenidən baxılması labüd olacaq. Ezamiyyət xərclərinin isə nağdsız ödənişi demək olar ki, mümkün deyil. Regionlarda bu sahədə ümumiyyətlə, irəliləyiş yoxdur. Bir müddət sonra bu qərar sadəcə olaraq icra olunmayan qərara çevriləcək. Ona görə də bu cür qərarlar verilmədən öncə infrastruktur qurulmalıdır və təşviq proqramları hazırlanmalıdır”.
Ekspert vurğulayıb ki, ümumiyyətlə, ölkədə nağdsız hesablaşmaların yalnız inzibati qaydada tətbiq olunması mümkün deyil: “Müxtəlif ölkələrin bu yöndə təcrübələri var, bundan da istifadə etmək olar. Dəfələrlə bununla bağlı təkliflər də verilib. Əslində bunun icra olunmasının çox sadə yolları var. Məsələn, nağdsız ödənişlərə görə verilən çeklər bir lotereyaya çevrilə bilər. Hər ay müxtəlif qiymətli hədiyyələr uduşa çıxarıla bilər. Ən azından bunu tətbiq edib, reklam etsələr, əhalinin özündə də nağdsız hesablaşmalara maraq yaranar. Büdcə təşkilatlarının özü də bu sistemə maraq göstərər. Ancaq bunu Palatanın verdiyi inzibati qərarla tətbiq edilməsi heç bir effekt verməyəcək. Nəticədə isə Palata bir müddət sonra öz qərarına yenidən baxmalı olacaq”.
Palata səlahiyyətlərini aşır?
Natiq Cəfərli həmçinin deyib ki, ilkin nizamnaməyə görə Palatanın bu qərarı vermək yetkisi yoxdur: “Sonra Palata ilə bağlı qaydalara da müəyyən dəyişikliklər olundu. Ola bilər ki, Palataya bu istiqamətdə yeni səlahiyyətlər verilib. Amma bu səlahiyyətlərin verilməsi ilə deyil. Bu tətbiq olunmalıdır və praktikada işləməlidir. Ölkədə ötən il də spirtli içkilərin və tütün məhsullarının nağdsız alış-verişinə dair qərar verildi, ancaq sonra bu işləmədiyinə görə ləğv olunmaq məcburiyyətində qaldı.
Reallığa uyğun qaydalar tətbiq olunmalıdır ki, bu da effekt verə bilsin”. Məsələnin hüquqi tərəflərini şərh edən hüquqşunas Əkrəm Həsənov deyib ki, Palatanın belə bir qərar vermək hüququ yoxdur: “Maliyyə Bazarlarına Nəzarət Palatası ümumiyyətlə, son zamanlar başından böyük qərarlar verir. Mən bilmirəm, bu yetkini onlara kim verib. Ancaq əlbəttə ki, Palatanın belə bir qərar vermək hüququ yoxdur”.