Qarabağda gərginlik artır: “Bu yöndə ciddi hazırlıq gedir”
“Ermənistan iqtisadi blokadadır və bunu özü də dəfələrlə bildirib. Bakı elan etdi ki, İrəvan üçtərəfli bəyanatların yerinə yetirilməsi istiqamətindəki öhdəlikləri yerinə yetirsə, Ermənistanın blokadadan çıxması üçün öz tərəfindən lazım olan addımları atmağa hazırdır. Əlbəttə, Zəngəzur dəhlizinin açılması həm də Azərbaycan iqtisadiyyatına əlavə gəlirlərin daxil olmasını təmin edəcək”.
Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
– Ermənistan Azərbaycana qarşı təxribatları davam etdirir. Dünən axşam saatlarında növbəti təxribata əl atdılar. Bu təxribatlar nə ilə nəticələnə və ya hara qədər davam edə bilər?
– Üçtərəfli bəyanatlara Ermənistan tərəfindən əməl edilməməsi təəssüf doğurmaqla yanaşı, onun qeyri-səmimi və qeyri-konstruktiv mövqeyindən xəbər verir. Baş verənlər həm də onu göstərir ki, Ermənistan və onun havadarları bölgədəki mövcud durumu dəyişdirmək istəyirlər. Digər yandan, həmin qüvvələrin Ermənistana himayədarlığı axır vaxtlar açıq xarakter alıb. Avropa Birliyinin Ermənistana 2.6 milyard dollar vəd etməsi və onun yanında olduğunu bəyan etməsi, eləcə də ABŞ-ın bu ölkədəki səfirinin Qarabağ münaqişəsinin həll olunmadığını bildirməsi, rəsmi İrəvan, erməni cəmiyyəti və oradakı revanşist qüvvələrdə yeni illüziyalar yaradır.
Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlılarının davranışlarındakı qanunsuz məqamlar və həmin dəhliz vasitəsilə separatçılara qanunsuz silah-sursatın daşınması, yaxud separatçı rejimin maliyyələşdirilməsi də göstərir ki, bölgə uğrunda geosiyasi rəqabət yeni mərhələyə daxil olub. Bunun səbəbi Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazanmasından sonra regionda yaranan yeni gesiyasi reallıqlardır.
Rusiya bu reallıqdan məharətlə istifadə etdi. Cənubi Qafqazın digər iki ölkəsində olduğu kimi, Azərbaycan ərazilərində də öz hərbi mövcudluğunu təsdiq etmiş oldu. Sülhməramlılar baza şəklində olmasa da, Rusiyanın hərbi baxımdan bölgəyə qayıdışı nöqteyi-nəzərindən diqqəti cəlb edir.
Rusiyanın bölgədəki nüfuz dairəsini genişləndirmək cəhdləri Avropa Birliyi və ABŞ-da ciddi narazılıq doğurur. Qərb çıxış yolunu NATO üzvü olan Türkiyə vasitəsilə Rusiyanın bölgəyə tam nəzarət etmək istəyinin qarşısını almaqda görür. Digər yandan, Qərbdən Ermənistana verilən mesajlar erməni cəmiyyətində revanşist meyllərin baş qaldırmasına səbəb olur. Buna baxmayaraq, “Dəmir yumruq” yerindədir, Azərbaycan prezidenti də bunu dəfələrlə xatırladıb. Bu siyasət Ermənistan ordusu və iqtisadiyyatına elə bir ciddi zərbə endirib ki, İrəvan istəsə belə, 44 günlük müharibənin yaratdığı nəticələr və reallıqları dəyişdirə bilməyəcək.
Amma fakt göz qabağındadır ki, Ermənistanla yanaşı, Minsk qrupunda təmsil olunan dövlətlər də yenidən danışıqların bərpa edilməsində maraqlıdırlar.
– Bəs bu danışıqların bərpasında məqsəd nədir?
– Məqsəd Qarabağdakı erməni icmasına statusun verilə biləcəyi ilə bağlı müzakirələrin bərpasıdır. Dediyim kimi, bu da yeni geosiyasi rəqabətin çalarlarıdır. Ən əsası da, Cənubi Qafqazın digər iki ölkəsi ilə müqayisədə daha müstəqil siyasət yeritmək imkanlarına malik olan Azərbaycanı təhdid və ona təzyiq etmək istəklərindən irəli gəlir. Bu təzyiq isə Minsk qrupunda olan dövlətlərin hər birindən ayrı-ayrılıqda gəlir.
Azərbaycan belə bir çətin vəziyyətdə onunla təhdid dilində danışmaq istəyən qüvvələr arasındakı ziddiyyətlərdən çıxış edərək, manevr etmək məcburiyyətində qala bilər. Buna baxmayaraq, bölgədə kommunikasiya xətlərinin açılması Azərbaycanla əməkdaşlıq edən həmin dövlətlərin də maraqlarına uyğun ola bilər. Amma nə Rusiya və nə də digərləri bunun üçün həmin layihəyə mane olmağa çalışan Ermənistana təzyiq edirlər.
Paşinyanın özü də bu istiqamətdə real addımlar atmır. Bunu Paşinyana daxili təzyiqlərlə əlaqələndirirlər, amma bu belə deyil. Paşinyan müharibədə məğlub olmasına baxmayaraq, seçkilərdə qalib gəldi və bu göstərdi ki, o, həm cəmiyyət, həm də parlamentdə böyük dəstəyə malikdir. Yəni Paşinyana qarşı olan və başında Robert Köçəryan və Serj Sərkisyanın dayandığı revanşist qüvvələr buna görə ona mane ola bilməzlər.
– İndiki halda Paşinyanın əsas hədəfi nədir?
– Paşinyanın məqsədi budur ki, Qərbə inteqrasiya siyasətini sürətləndirsin. Amma indiki şəraitdə bu yöndə istədiyi addımları ata bilmir. Çünki Rusiya faktoru – Ermənistan iqtisadiyyatının Moskvadan asılılığı, rus hərbi bazalarının ölkədəki mövcudluğu, eləcə də sərhədlərinin rus sərhədçiləri tərəfindən mühafizəsi kimi amillər Paşinyanın müstəqil siyasət yürütməsinin qarşısını alır.
Bir sözlə, geosiyasi mübarizənin yeni çalarları, Rusiyanın bölgədə güclənməsindən narahat olan Qərb dövlətlərinin Ermənistana olan dəstəyi, Paşinyanın müharibədəki məğlubiyyəti ermənilərə unutdurmaq istəyi baş verən təxribatların əsas səbəbləri sayıla bilər.
– Hesab etmək olarmı ki, münaqişənin yeni fazasına daxil olmuşuq və baş verənlərə adekvat olaraq, Azərbaycan antiterror əməliyyatlarını davam etdirəcək?
– Azərbaycanın öz ərazilərində onun qanunlarına tabe olmayan separatçı rejimə qarşı antiterror əməliyyatları aparmaq hüququ var. Buna beynəlxalq hüquq da imkan yaradır. Bu, Azərbaycanın müstəsna hüququdur, ölkə konstitusiyası və beynəlxalq hüquqda da öz əksini tapıb. Azərbaycan 44 günlük savaşda məhz antiterror əməliyyatları aparmışdı. Bu savaş Ermənistan yox, Azərbaycan ərazisindəki separatçı rejim və ona dəstək olan erməni silahlı qüvvələrinin bölmələrinə qarşı getmişdi. Buna baxmayaraq, yenə də Azərbaycanı təhdid edirlər.
Azərbaycan sabitlik və regional əməkdaşlığın bərpasında maraqlıdır. Bu, Azərbaycanın dövlət marağıdır. Qarabağa qayıdış həmin bölgəyə xarici investisiyaların cəlb olunması və orada beynəlxalq layihələrin reallaşdırılması deməkdir. Bunu başa düşən bəzi xarici qüvvələr Azərbaycanın bu planının qarşısını almaq üçün erməniləri təxribatlara təşviq etməklə, Azərbaycanın suverenliyini yeni hədələr qarşısında qoymağa çalışırlar.
Təbii ki, bütün bunlar nəzərdən keçirilir. Ona görə də, yeni antiterror əməliyyatlarının başlaması günün əsas sualı yox, günün əsas tələbi kimi önə çıxa bilər. Çünki Ermənistan elə bir istiqamətdə təxribatlara əl atmağa başlayıb ki, oradan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan enerji xətləri keçir. Məqsəd Azərbaycanı yeni təxribata çəkmək, “Rus NATO-su”nun (KTMT) da Ermənistan tərəfində iştirakını təmin etməkdir.
– Mövcud gərginliyin ahənginə uyğun olmasa da, erməni mətbuatında Zəngəzur dəhlizinin açılması istiqamətində İrəvan və Bakının ciddi hazırlıqları barədə məlumatlar da yayılıb. Erməni ekspertləri iddia edirlər ki, dəhlizin açılması üçün ciddi addımlar atıla bilər. Sizin proqnozunuz nədir?
– Ötən həftə Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpa olunması bu yöndə ciddi müzakirələrin getməsindən xəbər verir. Əlbəttə, bu gün Ermənistan və onun siyasi elitasında ölkənin gələcəyini düşünən sağlam fikirli insanlar var. Onlar başa düşürlər ki, Ermənistanın inkişaf yolu bölgədə reallaşdırılan geosiyasi layihələrdən kənarda qalmaqdan yox, orada iştirakdan keçir. Çünki burada iştirak Ermənistana kənar investisiyaların cəlb olunmasına yol açacaq. Buna görə də, Ermənistan rəhbərliyinin müzakirələri bu layihələrin həyata keçirilməsinə imkan yaradan addımları və qərarları özündə ehtiva etməlidir.
Ermənistan iqtisadi blokadadır və bunu özü də dəfələrlə bildirib. Bakı elan etdi ki, İrəvan üçtərəfli bəyanatların yerinə yetirilməsi istiqamətindəki öhdəlikləri yerinə yetirsə, Ermənistanın blokadadan çıxması üçün öz tərəfindən lazım olan addımları atmağa hazırdır. Əlbəttə, Zəngəzur dəhlizinin açılması həm də Azərbaycan iqtisadiyyatına əlavə gəlirlərin daxil olmasını təmin edəcək. Ermənistan isə tranzit ölkə kimi önə çıxacaq.
Ermənistan Azərbaycan, Türkiyə, Rusiya və İranla yanaşı, böyük qazanclar əldə edə bilər. Azərbaycan prezidenti belə bir regional əməkdaşlığın qurulması üçün “Altılıq” formatını təklif edib. Təəssüf ki, Ermənistan cəmiyyəti və onun siyasi elitasında hələ də millətçilik azarı səngiməyib. Bu da Ermənistan rəhbərliyinə ölkənin gələcəyinə hesablanmış addımlar atmasına mane olur.
Azərbaycan regional əməkdaşlığın qurulmasına yolunda öz üzərinə düşən addımı atdı, Laçın dəhlizinin açılmasına şərait yaratdı. Amma indi Laçın dəhlizində – Rusiya sülhməramlılarının gözləri qarşısında ciddi qanun pozuntuları baş verir. Bu da tərəflər arasında gərginliyin artmasına səbəb olur.
– Rusiya Prezidenti Vladimir Putin 10 noyabr və 11 yanvar bəyanatlarına həvəslə imza atmışdı. Üstəgəl, Moskva bu bəyanatlara alternativlərin olmadığını bəyan edir. Amma indi Rusiya bu anlaşmaları pozan əsas tərəfə oxşayır. Nə baş verir ki, Rusiya Putinin imzası olan bu anlaşmalardan boyun qaçırır?
– Düşünürəm ki, Minsk qrupunun digər iki həmsədr ölkəsi kimi, Rusiyanın münasibətində də ikili standartlar qalır. Eyni zamanda, Rusiya Azərbaycanla münasibətlərini də korlamaq istəmir. Çünki Rusiya başa düşür ki, bölgənin digər iki ölkəsindən fərqli olaraq, Azərbaycanda əhalinin rusdilli hissəsinin hüquqlarının qorunması üçün ciddi addımlar atılır. Bununla yanaşı, Azərbaycanla ticarət dövriyyəsinin artması Rusiyanın da maraqlarına cavab verir.
Amma Ermənistan Rusiyanın bölgədəki strateji tərəfdaşı və müttəfiqidir. Ermənistan KTMT çərçivəsində Rusiyanın bölgədəki simasıdır. Bütün hallarda isə Ermənistan Azərbaycanla müqayisədə müstəqil siyasət yürütmək iqtidarında deyil. Eyni zamanda, Putinin yaxın dostu, Rusiyanın müdafiə naziri bəyan edir ki, “biz bundan sonra da Ermənistan ordusunu gücləndirməyə davam edəcəyik”.
Əlbəttə, Şoyqu bilir ki, Ermənistan Azərbaycan ərazilərinə təcavüz etmiş tərəfdir. Şoyqu onu da bilir ki, Rusiya Qarabağ münaqişəsinin nizamlanması və bölgədə sülh və sabitliyin qorunması üçün üzərinə öhdəliklər götürmüş dövlətdir. Amma Rusiyanın bölgədəki maraqları onu başqa addımlar atmağa sövq edir. Rusiya Cənubi Qafqazda imperiya siyasətindən əl çəkməyib. Amma özünü elə göstərir ki, guya bölgə dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan dövlətdir.
Əslində, Qərbin özü də Ermənistan və Gürcüstana bazar kimi baxır. Düzdür, Gürcüstan və Ermənistanın Azərbaycanla müqayisədə böyük enerji və iqtisadi potensialları yoxdur, amma bura Orta və Mərkəzi Asiyaya çıxış nöqtəsi kimi baxırlar.
Kənar güclər geosiyasi reallıqlara uyğun olaraq, daha ciddi mübarizəyə hazırlaşırlar. Təəssüf ki, bu rəqabətdə hədəf yenə də öz gücü, iqtisadi və enerji resursları böyük olan, müstəqil siyasət yürüdən Azərbaycandır. Ümumiyyətlə, heç vaxt müstəqil siyasət yürüdə bilməyən və heç bir potensialı olmayan dövlətlər ciddi təhdid və hədələr qarşısında qalmır.
Müəllif: Mənsur Rəğbətoğlu