Həbsdə olan AXCP üzvünün səhhətində problemlər var
AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə AzadlıqRadiosu-na gənc fəalın vəkili Əsabəli Mustafayev məlumat verib.
“HƏBSDƏ SAXLANMASINA ƏSAS YOXDUR”
Vəkil bildirib ki, F.Əhmədlinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət olunub: “Əvvəla, Fuad Əhmədlinin həbsdə saxlanılmasından ötrü əsaslar yoxdur. İkincisi, onun səhhətində çox kəskin problemlər var. O, kifayət qədər ciddi xəstəlikdən əziyyət çəkir və xüsusi rejimdə saxlanmalı, müalicə olunmalıdır”.
Ə.Mustafayev deyir ki, Fuadın təcridxanada saxlanma şəraitindən şikayəti olmasa da, onun yaxınları ilə telefonla danışmaq və görüşmək hüququ məhdudlaşdırılıb. Bildirilib ki, təcridxana rəhbərliyi belə bir göstəriş verib.
“Əgər yaxın günlərdə Fuad Əhmədlinin bu hüquqları bərpa olunmasa, təcridxana rəhbərliyindən məhkəməyə şikayət edəcəyik”, – vəkil bildirib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “Azadlıq” qəzetinin bu barədə sorğusuna cavab olaraq bildirib ki, məsələni araşdırıb, sabah məlumat verəcək.
FUAD ƏHMƏDLİ NİYƏ SAXLANIB
F.Əhmədli avqustun 18-də həbs olunub. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham verilib.
F.Əhmədlinin yaxınları isə evdən Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.
AXCP də bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar birmənalı şəkildə yalan və quramadır: “Bu, partiya üzvlərini və onun sədrini Fethullah Gülen-ə bağlamaqdan ötrü hakimiyyətin əl atdığı çirkin saxtakarlıqlardan biridir”.
Türkiyə hökuməti 15 iyul çevriliş cəhdinə görə ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i ittiham edir, onun ekstradisiyasını istəyir. Gülen isə ittihamları “yalan” adlandırır.