Cari ilin 6 ayında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.3-cü maddəsində nəzərdə tutulan inzibati xətalara yol verilməsi müəyyən edilməklə ümumilikdə 107,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş 4 büdcə təşkilatı üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər inzibati xətalara yol verməsi müəyyən edilən vəzifəli şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Mingəçevir şəhər, Lənkəran, Beyləqan və Laçın rayon prokurorluqlarına göndərilib.
Maliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yuxarıda göstərilənlərlə bərabər, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına əsasən 5 təşkilatda prokurorluq orqanlarının məktublarında və qərarlarında qeyd olunan suallar yoxlanılıb və cəmi 169,0 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Hesabat dövründə, həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun məkubları ilə baxılması üçün Maliyyə Nazirliyinə göndərilən müraciətlər üzrə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi üzrə inzibati ərazi dairəsində və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında, eləcə də Dövlət Maliyyə Nəzarəti Xidmətinə daxil olmuş müraciət üzrə Neftçala Rayon İcra Hakimiyyətinin Neftçala Rayon Kommunal Müəssisələri Kombinatında araşdırmalar aparılmış və aşkar edilib nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib, habelə aşkar edilən nöqsanlar üzrə müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktubla məlumat verilib.