Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Dünya Gündəm İctimai İnsan haqları Siyasət Xəbərlər

Avropa Şurası Nazirlər Komitəsi «Məmmədli qrupuna» daxil olan işlərli nəzərətində saxladı

Avropa Şurası Nazirlər Komitəsi bu günlərdə «Məmmədli qrupuna» daxil olan işlərlə bağlı son toplantısının qərarını açıqlayıb.

Bu qrupda hüquq müdafiəçiləri Anar Məmmədli, Leyla və Arif Yunusovlar, hüquqşünas İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, fəallar Qiyas İbrahimov, mərhum Bayram Məmmədov, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı yer alıb.

Komitə Azərbaycan hakimiyyətindən İlqar Məmmədov və Rəsul Cəfərov işində olduğu kimi Ali Məhkəmə vasitəsilə digər şəxslərin üzərindən məhkumluğun götürülməsini, konkret addımlar atılması üçün Katibliklə təcili şəkildə əməkdaşlıq edilməsini və dekabrda mövcud vəziyyətə dair aralıq qətnamə hazırlanmasına qərar verib. Bu işlər Nazirlər Komitəsinin nəzatərində qalıb.

Digər qərar isə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilən üç vəkil – Xalid Bağırov, Aslan İsmayılov və Elçin Namazovla bağlıdır. Avropa Şurasının Nazirlər Komitəsi hesab edir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsasən bu şəxslər Kollegiyaya bərpa edilməlidir.

Bu məsələlər artıq bir neçə dəfədir Avropa Şurasının Nazirlər Komitəsində müzakirəyə çıxarılır. Məsələ niyə öz həllini tapmır? Qərarlar icra olunmasa Avropa Şurası hansı addımlar ata bilər?

Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Azərbaycan hüquqi və demokratik inkişaf yolu keçmiş dövlətdir. «Bəzən biz səhv fikirlər eşidirik ki, hansısa dövlət demokratiyanın bayraqdarıdır, beşiyidir və sair. Bu yanaşmalar nisbi xarakter kəsb edir. Demokratiya bir prosesdir. Onun mərhələləri var və ölkələr illər keçdikcə müəyyən mərhələləri addıyırlar. Heç bir dövlət deyə bilməz ki, o demokratiyanın son nöqtəsindədir».

Komitə üzvünün sözlərinə görə, bu nöqteyi-nəzərdən Avropa Şurasının və onun müvafiq qurumlarının Azərbaycanla bağlı ara-sıra reallıqdan uzaq olan ittihamlarına da rast gəlinib. «Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar olub və onların icrası ilə bağlı problem olmayıb. Məsələn, İlqar Məmmədovun işi ilə bağlı qərar var və onun icrası həyata keçirilib. Ayrı-ayrı hallarda qərəzli şəkildə bu cür ittihamlar olub və qərəzli qərarlar çıxarılıb».

Onun fikrincə, Avropa Şurasının və onun müvafiq qurumlarının qərarları hər dəfə reallığı əks etdirmir. «Çünki bu qurumlarda kifayət qədər ermənipərəst siyasi dairələrin olduğu da faktını nəzərdən qaçırmaq olmaz. Onlar bir çox hallarda Azərbaycana təzyiq hədəfini seçərlər. Bu halda ən rahat və sınanmış üsul insanların hüquq və azadlıqlarla bağlıdır. Bu gün onların bütün qərarları icra olunsa belə onlar yenilərini icad edəcəklər».

Deputat qeyd edib ki, Azərbaycan ictimaiyyəti sözügedən qurumların qəbul etdiyi sənədlərə və qərarlara o zaman inanardı ki, onların Qarabağ işində mövqeləri haqlı olardı. «Bizim bir milyondan çox qaçqın və məcburi köçkünlərin olduğu bir reallıqda onların pozulmuş hüquqların bərpası ilə bağlı hansı addımlar atdılar? Bəşəri cinayəti olan Xocalı soyqırımı törədildi. Bu məsələdə Avropa Məhkəməsinin bir qərarı olsaydı, cəmiyyətimiz görərdi ki, bu cinayətə əl atmış Ermənistanın vəzifəli şəxsləri hüquüi müstəvidə cəzasını alıb. Bu kimi halların heç biri olmadı».

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da Turana bildirib ki, sözügedən məsələ ilə bağlı Azərbaycan hökumətinə artıq bir neçə dəfədir vaxt verilir. «Ötən il İlqar Məmmədov və Rəsul Cəfərov bu siyahısı çərçivəsində bəraət aldı, digərləri isə saxlanıldı. Məsələni həll etmək üçün sonuncu vaxt avqusta qədər verildi, indi isə noyabra qədər uzadıldı. Ondan sonra isə yəqin ki, hansısa addımları atacaqlar».

Ekspertin sözlərinə görə, addımlar çox güman ki, deklarativ xarakterli olacaq. «Ciddi bir sanksiyaların olması mən gözləmirəm. Sadəcə bu, Avropa Şurası çərçivəsində Azərbaycanda məhkəmə, insan haqları vəziyyətini müzakirə edərkən dövlətin nüfuzuna qara bir ləkə kimi yazılacaq».

Onun fikrincə, əgər bu məsələ həll olunmasa Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti ilə bağlı atdığı istənilən bir pozitiv addım effektiv olmayacaq. «Onda bu addımlar yalnız imitasiya xarakteri daşıyacaq. Bu, həm qərarda adları qeyd edilmiş vəkillər məsələsinə də aiddir».

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir