2022-ci ildə Şuşa şəhərinin 270 illiyi qeyd olunur
2022-ci ildə Şuşa şəhərinin 270 illiyi təntənəli şəkildə qeyd ediləcək, bu barədə bu gün prezident İlham Əliyev Şuşada Poeziya Günlərinin açılışında bildirib.
“Şuşanın təməlini, – hamımız yaxşı bilirik, – 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, deyə Əliyev bildirib.
O qeyd edib ki, azad edildikdən sonra Şuşaya ilk dəfə yanvarın 14-də gəlib. “Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir”.
Ermənilər şəhəri tərk edərkən Şuşanın su kəmərlərini partlatmışdı. Amma qısa müddət ərzində şəhərin su təchizatı sistemi bərpa edilib. Elektrik yarımstansiyası tikilib, Füzulidən yüksək gərginlikli xətlər çəkilib.
Tarix-mədəniyyət abidələrinin bərpasına başlanılıb. Vaqifin büstü, Bülbülün evi – muzeyi bərpa edilib. Dörd məsciddə bərpa işləri aparılır. Natavan bulağı bərpa edilib. Ermənilər şəhərdəki 17 bulağın 17-sini də qurutmuşdular.
Yazda “Xarıbülbül” oteli istifadəyə verilib, “Qarabağ” oteli yenidənqurmadan sonra açılıb. 150 otaqlı yeni beşulduzlu otelin tikintisinə başlanılıb. Hazırda “Qarabağ” və “Xarıbülbül” otellərində də 150 otaq var.
Yeni otel separatçıların dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədikləri yerdə tikilir.
Həmçinin 25 korpuslu yeni yaşayış kompleksinin təməli qoyulub. “Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”, deyə Əliyev bildirib.
Turan.az