Ermənistan itkin düşmüş azərbaycanlılar haqqında məlumatları gizlədir – ombudsman
Azərbaycan ombudsmanı Səbinə Əliyeva 30 Avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
O qeyd edir ki, Ermənistanın təcavüzü nəticəsində minlərlə Azərbaycan vətəndaşı itkin düşüb. Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
İtkin düşmüş mülki şəxslərdən 20 nəfəri qız olmaqla, 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 154 nəfəri ahıl olmaqla 267 nəfəri qadındır. 3890 nəfərdən 872 nəfərinin, o cümlədən 29 uşağın, 98 qadının, 112 ahıl şəxsin əsir-girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal ərazisində qalması faktı müəyyən edilib.
Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələrinə və sübutlara baxmayaraq, Ermənistan Respublikası bu şəxslərin əsir-girov götürülməsi və saxlanması faktını inkar edir.
Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ermənistan Respublikasında və bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqları yerlərdə baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar.
Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, aralarında 6 nəfəri qadın olmaqla 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib.
Hazırda 196 nəfər Xocalı sakini, o cümlədən 13 nəfəri qız olmaqla 36 uşaq və 20 nəfəri ahıl olmaqla 65 qadın itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrin, eləcə də Cenevrə Konvensiyalarının tələblərinə zidd olaraq, İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 7 nəfər hərbi qulluqçumuzun taleyi, habelə kütləvi dəfnlər həyata keçirdiyi yerlər barədə məlumat vermir.
Turan.az