Sentyabrın 9-u axşam saatlarında həbsdən azad edilən REAL-ın icraçı katıbı Natiq Cəfərli Azadlıq.org-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.
– Bu yuxudu, ya gerçək, Natiq bəy? İnandınızmı «gedirsiz» deyəndə?
– Yox, inanmadım. Qəribə bir şey baş verdi. Mən orda dörd həftə oldum. Bu müddətdə bir neçə dəfə yerimi dəyişdilər. Amma özüm bu haqda xəbərin yayılmasını, həbs olunan kimi ajiotaj yaratmaq istəmirdim. Bilirdim ki, bu, psixoloji təsir vasitələrindən biridir. Axşam da gəldilər və «Əşyalarınızı toplayın» dedilər. Bu dəfə qəti etiraz etdim, «Bəsdirin, nə qədər olar?» dedim. Sonradan rəis müavini gəldi ki, «sizi rəis çağırır». Artıq rəisin otağında həbsdən çıxmağımı elan etdilər. İnanmadım, açığı. Vəkilimin gəlməsini tələb etdim. Qırx dəqiqə sonra vəkilim Cavad Cavadov qərarla ora gələndə inandım ki, qərar verilib və məni bu gün azad edəcəklər.
– Sizcə niyə tutmuşdular, niyə buraxdılar?
– Vallah, bunların işindən heç kim baş açmır. Tutmaqları da təəccüblü idi. Çünki hansı maddələrlə ki, mənə iş açılmışdı, o işin təhqiqatı 2015-ci ildə başa çatmışdı, iş bağlanmışdı. Mənim ölkədən çıxma qadağam da götürülmüşdü. Hətta qanunsuz sahibkarlıqla bağlı maddə versələr də, vergi ilə bağlı maddə verə bilməmişdilər. Çünki vergi borcum yox idi. Əlimdə Vergilər Nazirliyinin sənədi var ki, mənim borcum yoxdur. Düşünürəm ki, tutulmağımın səbəbi REAL-ın fəaliyyəti ilə bağlıydı, mənim siyasi fəaliyyətimlə bağlı idi. Çox ciddi tənqidi çıxışlarım olurdu. Buraxılma səbəbimsə əllərində fakt olmaması idi, hətta məhkəməyə aparmağa əllərində faktları yox idi. Sonradan daha ciddi problem yaşayacaqlarınımı düşündülər, ya beynəlxalq təzyiqlərmi oldu, bilmirəm açığı… Amma belə qərarın olması mənim üçün də çox təəccüblü idi.
– REAL sizin həbsinizdən sonra referendum təbliğatında qrup kimi iştirakdan imtina etdi, belə deyək, geri çəkildi. Və bunu həm də sizin həbsinizlə bağladı. Bu amilin sizin azadlığa çıxmağınıza təsiri ola bilərdimi?
– Açığı, bilmirəm. İndi bu haqda dəqiq fikir yürütmək çətindir. Amma təsiri ola bilər, hə. Referendumla bağlı indiki vaxtda hər hansı təbliğatın aparılması da absurddur. Ölkədə demokratik situasiya olmalıdır ki, təbliğat aparasan. İnsanların referendum keçiriləcəyindən heç xəbərləri yoxdur. Yenə deyirəm, bilmirəm, azadlığa çıxmağımın bu qərarla bağlantısı var, ya yox. İstənilən halda, həm həbsim, həm də həbsdən azad olunmağım məndən ötrü çox ciddi sürpriz oldu.
– Ora düşəndə nə düşünürdüz?
– Əslində, psixoloji baxımdan, çoxdan özümü belə bir hadisənin baş verməsinə hazırlamışdım. Biz hansı ölkədə yaşadığımızı, hansı qaydalarla idarə olunduğumuzu çox yaxşı bilirik. Siyasi fəaliyyətlə məşğul olan, ciddi tənqidi mövqe ortaya qoyanların həmişə həbs olunmaq təhlükəsi var. Ona görə də belə bir hadisənin olma ehtimalını illərlə düşünmüşəm. Həbs olunduqdan ilk iki günün şoku keçdikdən sonra sakit idim, çünki dediyim kimi, özümü hazırlamışdım. Çox da narahat deyildim.
– Uşaqlar nə dedilər sizi görəndə?
– Çox təəccübləndilər. Çox maraqlı detal. Bu gün həyat yoldaşım yanıma gəlmişdi. Günorta onunla görüşəndə demişdim ki, narahat olmasın, ola bilsin, bu proses uzun çəksin, ona görə möhkəm olsun, uşaqlara diqqət yetirsin əsas… Biz saat 1-də görüşmüşük və axşam saat 7-də məni Kürdəxanıdan buraxırlar! Yolda artıq telefonla dedim ki, «evə gəlirəm».
– İnanmadılar yəqin?
– Əlbəttə. İnanmadılar. Çox ciddi şok keçirdilər, həm yoldaşım, həm uşaqlar, həm atam-anam. Sürpriz oldu onlara.
– Son sual. Manatı nə gözləyir bu günlərdə?
– Manatı çətin bir dövr gözləyir. Milli valyutanın yüngül şəkildə, addım-addım devalvasiyasının şahidi olacağıq. Qurban bayramından sonra ilk addım kimi manat 1.65 həddini keçəcək.
Xatırladaq ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmışdı. Daha sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə ittiham irəli sürülmüşdü.