Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət

Apellyasiya Məhkəməsi bloger Mehman Hüseynovun işi üzrə istintaqı başa çatdırıb

Cümə günü Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun işi üzrə proses davam edib.

İclasın əvvəlində vəkillər Fuad Ağayev, Şəhla Hümbətova və Fəxrəddin Mehdiyev bildiriblər ki, M.Hüseynov bloger fəaliyyətinə və jurnalist işinə görə təqib olunur.

Ş.Hümbətova məhkəmənin diqqətini ona yönəldib ki, M.Hüseynov yüksək vəzifəli şəxslərin və deputatların biznesi, villası haqda videoreportajlar hazırlayıb. O, həmin reportajların yazıldığı diski araşdırmaq üçün məhkəməyə verib. Ancaq ittihamçının nümayəndəsi Əlirza Əbilov bunun əleyhinə olub və hakim Əflatun Qasımov diski geri qaytarıb.

Sonra hakim məhkəmə istintaqının başa çatdırılması ilə bağlı tərəflərin rəyini soruşub. Xüsusi ittihamçının nümayəndəsi razılaşıb.

Vəkil Fuad Ağayev vəsatətləri təmin etməyən məhkəmənin hərəkətini qeyri-obyektiv və qərəzli adlandırıb. O bildirib ki, belə olan halda məhkəmə istintaqının davam etdirilməsinə gərək yoxdur.

Hakim növbəti iclası 15 dekabr saat 15:00-a təyin edib.

Xatırladaq ki, blogerin həbsinə bu ilin yanvarında polisdə işgəncələrə məruz qalması ilə bağlı bəyanatı səbəb olub. Buna cavab olaraq Nəsimi Rayon Polis İdarəsinin rəhbəri Musa Musayev böhtan haqqında iddia qaldırıb. Mayın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147-ci maddəsi) təqsirli bilərək iki il müddətinə azadlıqdan məhrum edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir