Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan son dəyişikliklər arasında hər biri diqqətə layiqdir.
Hazırda əsas diqqət birinci vitse-prezident və vitse-prezident postlarının yaradılmasına, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasına, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsinə, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılmasına, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsinə, Milli Məclisin və baş nazirin statusunun aşağı salınmasına yönəlib. Bu da təbiidir, çünki, söhbət Azərbaycanın ali səviyyədə dövlət idarəçiliyinə dair gələcək konsepsiyasından gedir. Hesab edirəm ki, bütün bunlarla yanaşı dəyişikliklər paketində Konstitusiyanın 29-cu “Mülkiyyət huququ” maddəsinə təklif olunanlar da ciddi müzakirə tələb edir. Belə ki, bu maddəyə aşağıdakı məzmunda V və VI hissələr əlavə edilməsi təklif olunur.
V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”
İlk növbədə onu qeyd edim ki, bu dəyişiklik Azərbaycan Respublikasının üzv olduğu və imzaladığı beynəlxalq öhdəliklərə, o sıradan İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya və ona dair Protokollara ziddir. Həmin Konvensiyaya dair 1 saylı Protokolda göstərilir:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» İkincisi, xüsusi mülkiyyətin sosial öhdəliklər yaratması ilə bağlı təklif çox təzadlı səslənir. Burda söhbət özəl sahibkarın sosial öhdəliyindən deyil, korporativ sosial məsuliyyətindən gedə bilər. Bunun üçün də Konstitusiyaya əlavələr etməyə ehtiyac qalmır.
Əslində sosial öhdəlik dövlətə məxsusdur və onun 6 iqtisadi funksiyasından biridır. Belə olan halda yeni dəyişikliklərlə xüsusi mülkiyyət üzərində sosial öhdəlik formalaşdırmaq yalnız mövcud mülkiyyət sahiblərini həmin hüquqdan mərhum etməyə hesablanıb. Çünki, 29-cu maddə təklif olunan digər əlavə “sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” bəndi də məhz bu məqsədə xidmət edir, onu gücləndirir, tətbiqi üçün əlavə hüquqi norma yaradır.
Konstitusiyanın 29-cu maddəsinə təklif olunan əlavələr qəbul olunarsa bu xüsusilə də torpaq üzərində mülkiyyət hüququnun yenidən bölüşdürülməsinə gətirib çıxaracaq. Nəticədə, mülkiyyət sahiblərinin bir çoxları torpaqlarını, kapitallarını və mülklərini itirə bilər. Belə olan halda da bu təklifin formalaşdırdığı konstitusiya normasının tətbiqi prosesində hüquqi və qeyri-hüquqi müstəvidə yeni mübahisələr və çəkişmələr müşahidə olunacaq.