Dövlət ittihamçısı iyunun 21-də Nizami Rayon Məhkəməsinin jurnalist və ictimai fəal Elçin Həsənovun 1 il islah işlərinə məhkum etdiyi cəzanın ağırlaşdırılması ilə bağlı apellyasiya protesti verib. Apellyasiya protestində prokuror məhkəmədən ona 3 il 6 ay həbs cəzası istəyib. Bu barədə Azadliq.info-ya jurnalist Elçin Həsənov özü bildirib. O qeyd edib ki, məhkəmə qərarı qüvvəyə minmə ərəfəsində bu protest verilib. Yəni qərardan sonra apellyasiya şikayətinin və protestin verilməli olduğu sonuncu gündə prokrorluq belə addım atıb.
Elçin Həsənov bildirib ki, ona qarşı CM-nin 221-3 maddəsi ilə (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) məhkəməyə göndərilən işin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparması özü bir qanunsuzluq olub, ittihamın heç bir hüquqi əsası yoxdur və müdafiə tərəfi tam bəraət almaq niyyətindədir. İnsidentin şahidləri olmayıb. Bütün ittiham zərərçəkənin ifadəsi üstündə qurulub.