Mahmud Hacıyev: “Bu iddianın araşdırılması mümkündür, amma…”
“Sabiq nazirin azadlıqda qalması iri ranqlı bəzi şəxsləri qıcıqlandırır”
Son vaxtlar sabiq MTN rəhbəri Eldar Mahmudovla ADNA-da törədilən məlum terror aktı arasında müəyyən əlaqənin olması ilə bağlı iddialar səslənməkdədir. Maraqlıdır, E.Mahmudovun ADNA terroru ilə əlaqəsi varmı? Bu iddianın nə dərəcədə doğru olduğu araşdırılmalıdırmı?
Məsələ ilə bağlı açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev məlum iddianı araşdırmağın mümlünlüyün vurğulasa da, digər maraqlı məqamlara da diqqət çəkdi:
“Ağır cinayət tərkibli əməllərdə müddət nəzərə alınmır. ADNA-dakı olay ağır terror aktı idi. Bu cür hadisələrin üzərindən hətta 30 il keçsə də, bu məsələ diqqət mərkəzində saxlanılmalıdır. Yüksək inkişaf etmiş hüquqi-demokratik dövlətlərdə bu kimi ağır cinayətlər hər dəqiqə diqqət mərkəzində saxlanılır və davamlı araşdırılır. Əməliyyat-istintaq tədbirləri dayandırılmadan keçirilir. ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə kimi dövlətlərdə bu qəbildən olan cinayətlər hər il araşdırılır. Bizdə isə belə bir xroniki xəstəlik var. Bir cinayət işi 5-6 ay ay, uzağı bir il araşdırılır, bundan sonra yaddan çıxır. Bunlar oyudankənar vəziyyətdə qalan cinayət işləri olur. Ancaq qeyd etdiyim kimi, illər keçməsinə baxmayaraq bunlar araşdırılmalıdır.
E.Mahmudova gəlincə, bir sıra yüksək çinli generalların həbsə alınmasına baxmayaraq, sabiq nazir həbsə alınmadı. Qudası Cahangir Hacıyev həbs edilsə də, həyat yoldaşı haqqında həbs qətimkan tədbiri həyata keçirilsə də, E.Mahmudov həbs olunmadı. E.Mahmudovun həbsə alınmaması müəyyən qrup insanları qıcıqlandırır. Bu, son 2-3 ayda özünü xüsusilə hiss etdirir. Mən demirəm ki, E.Mahmudov məsuliyyətdən kənarda qalmalıdır. Ən azından ona görə ki, onun tabeçiliyində olan polkovniklər, generallar, yüksək çinli zabitlər ağır cinayət əməli törədiblər. E.Mahmudov isə onların rəhbəri olub. Rəhbər olduğu üçün E.Mahmudov onlardan qabaq məsuliyyət daşıyır. Bu öz yerində. Lakin bu da hiss olunur ki, onun həbs edilməməsi kimlərisə qıcıqlandırır. Ortaya müxtəlif informasiyalar çıxır. Bəziləri iddia edir ki, E.Mahmudov içki aludəsi olub, bəziləri deyir “iynə”yə oturub və s. Bunların hamısı ehtimaldır. 5-6 gün bundan öncə E.Mahmudovun ölüm xəbərini yaydılar. Hesab edirəm ki, bu informasiyalar ortaya kiçik ranqlı adamlar tərəfindən buraxılmır.
ADNA-dakı olayla E.Mahmudov arasındakı bağlantıya gəlincə, bu iddianı araşdırmaq, yoxlamaq mümkündür. Hər hansı informasiya ortaya çıxanda onun mənbəyini, bu informasiyanın reallığa nə dərəcədə yaxın olduğunu yoxlayırlar. Bundan sonra həmin informasiya əməliyyat-istintaq yolu ilə dəqiqləşdirilir.
Habelə, hesab edirəm ki, bu qəbildən olan informasiyaların meydana çıxmasını E.Mahmudova qarşı psixoloji hücum kimi də dəyərləndirmək olar. Görünür, bəzi dairələr onu psixoloji gərginlikdə saxlamaq istəyir. Insan psixoloji gərginliyə düçar olanda infarkt da keçirə bilər, ölə də bilər və s. E.Mahmudovla bağlı son vaxtlar ortaya atılan iddialar da göstərir ki, ona qarşı müəyyən qrup tərəfindən psixoloji hücumlar həyata keçirilir”.
Seymur Əliyev