Siyasi Məhbuslarla bağlı Duysburqda mitinq keçiriləcək
Azərbaycanda siyasi vəziyyət gərginləşdikcə müstəqil və müxalif düşüncəli ictimaiyyət də təpki göstərməkdə davam edir. Xüsusilə son dövrlər Almaniyada mühacirlərin siyasi məhbuslar əleyhinə mitinq keçirməsi diqqət çəkir.
Almaniyada siyasi mühacirlik yaşayan gənc, ictimai fəal Pərviz Abdullayev 30 avqust 2017-ci il tarixdə öz facebook hesabından müraciət yayaraq növbəti mitinqə çağırış etmişdir. Çağırışda 2 sentyabrda Almaniyanın Duysburq şəhərində “Siyasi Məhbuslara Azadlıq” adlı mitinqin keçiriləcəyi qeyd olunur və həmvətənlər mitinqə dəvət olunurlar.
Facebookda yazılan bu müraciətlə bağlı yazılan şərhlərə əsaslansaq hesab etmək olar ki, mitinqdə 50-dək adamın iştirakı nəzərdə tutulmuşdur. İnsanlar Azərbaycanda diktatura rejiminin olmasını, gunahsiz jurnalist və müxalifət nümayəndələrinin həbsini pisləyir və buna görə mövcud hakimiyyət əleyhinə fikirlər səsləndirirlər. Xüsusilə son zamanlar kanal13-ün rəhbəri Əziz Orucovun, eyni zamanda “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin saxlanması ciddi tənqid olunur.