Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Mehman Əliyevə zamin durmağa hazırıq” – Prezidentə müraciət

“Turan” Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar tanınmış media nümayəndələri ölkə Prezidentinə müraciət ünvanlayıblar.
Sənədi “Yeni Nəsil” Jurnalistlər Birliyi adından Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyi adından Elçin Şıxlı, “Jurnalistikanın inkişafına yardım Mərkəzi” adından Qulu Məhərrəmli və müstəqil jurnalist İbrahim Nəbioğlu imzalayıblar.
Müraciətdə deyilir ki, M.Əliyevin jurnalistika sahəsində 29 illik fəaliyyəti gözlərimiz önündə keçib. Onun yeni Azərbaycanın mediasının, mətbuatın özünüidarəçilik mexanizminin formalaşmasında böyük xidmətləri var. M.Əliyev 26 il ölkənin ilk müstəqil informasiya agentliyinə rəhbərlik edib, ondan əvvəl də yalnız mediamızda yüksək peşəkarlıq nümunələri sayılan KİV-lərdə çalışıb.
“Digər tərəfdən, hazırda vergi orqanları tərəfindən “Turan” Agentliyinə qarşı irəli sürülmüş ittihamlar üzrə istintaq hərəkətlərinin M.Əliyev azadlıqda qalmaqla aparılmasına heç nə mane olmur. Agentliyin direktoru istintaqa təsir göstərməyə cəhd etməyib və həmkarımızı uzun müddət tanıyan şəxslər kimi əminik ki, etməyəcək. Bunun təsdiqi üçün biz M.Əliyevə zamin durmağa hazırıq. Müraciət müəlifləri bildirirlər ki, agentlik direktoruna qarşı irəli sürülən ittihamlar iqtisadi xarakterli olsa da, onun həbsindən sonra ictimai rəydə belə fikir üstünlük təşkil edir ki, jurnalist peşə fəaliyyəti ilə əlaqədar təqib olunur”.
Sənəddə göstərilir ki, M.Əliyevin, həqiqətən, hakimiyyətin fəaliyyəti ilə bağlı ardıcıl tənqidi çıxışları olub, lakin onlar etik qaydalar və qarşı tərəfə hörmətli münasibət çərçivəsindən kənara çıxmayıb. Tənqid obyektlərindən isə kiminsə həmin çıxışlara fərqli münasibəti ədalət mühakiməsinin yürüdülməsinə təsir göstərməməlidir.
Sənədi imzalayan şəxslər xatırladırlar ki, Azərbaycanın ən yaxın tarixində media və jurnalistlərlə bağlı böhranlı anlarda dövlət başçılarının işə qarışaraq gərginliyi aradan qaldırması halları az olmayıb. “Çox ümid edirik ki, cəmiyyətdə bu ənənənin davamı kimi qiymətləndiriləcək addım atacaqsınız” – deyə müraciətdə bildirilir.
Həmkarlarının taleyindən narahatlıq keçirən müraciət müəllifləri istintaqın Mehman Əliyev azadlıqdan məhrum edilmədən aparılması üçün müvafiq təşkilatlara göstəriş verməyi ölkə Prezidentindən xahiş ediblər. (Bizimyol)

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir