Çərşənbə axşamı günü Nəsimi Rayon Məhkəməsi Kanal 13 İnternet Televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovun barəsində seçilmiş həbs qətimkan tədbirinin üç ay uzadılmasına qərar verib.
Bununla Əziz Orucovun azı dekabrın 17-dək həbsdə qalması nəzərdə tutulur.
Onun vəkili Elçin Sadıqov BBC-ə deyib ki, məhkəmənin qərarını əsaslandırmaq üçün istintaq heç bir sübut təqdim etməyib.
Vəkil bildirib ki, məhkəmədə prokurorluq Əziz Orucovun şahidlərə təzyiq edəcəyinə ehtimal olduğu və istintaqın fəaliyyətinə mane olacağını iddia edib, lakin bunu sübüt etmək tələbinə heç bir əlavə məlumat təqdim edilməyib.
O, qərardan narazı olduğunu və apellyasiya şikayəti verəcəyini bildirib.
Əziz Orucova ilk dəfə 2 mayda Nəsimi Rayon Məhkəməsi tərəfindən “polisə müqavimət” maddəsi ilə 30 sutka inzibati həbs cəzası verilib.
Buraxılmasına bir gün qalmış, iyunun 1-i, cinayət məcəlləsinin qanunsuz sahibkarlıq və vəzifə saxtakarlığı ittihamları üzrə ona qarşı cinayət işi açılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Avqustun 29-u bu müddət daha üç ay uzadılıb.
Elçin Sadıqov həmçinin iddia edib ki, Əziz Orucovun işi 2014-cü ildə QHT rəhbərlərinə qarşı açılan işlə əlaqədərdir.
O, Anar Məmmədli və İntiqam Əliyev kimi QHT rəhbərlərinin həbsilə nəticələnən istintaq işinin hələ də davam etdiyini, Əziz Orucovun isə hüquqi təqibinə görə bu ümumi istintaq çərçivəsində ayrıca ittihamlarla üzləşdiyini bildirib.
Vəkil, qərarın əsl məqsədinin Əziz Orucovun cəmiyyətdən təcrid olunması olduğunu iddia edib və hazırda həbs qətimkan tədbirinin seçilməsinə dair Avropa İnsan Haqları Məhkəməsindən müraciətinə cavab gözlədiyini də qeyd edib.