Quba rayonunun Əski İqrığ kəndi ərazisində meşədə itən uşağın tapılmasının təfərrüatı məlum olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev “Report”-a bildirib ki, uşaq huşsuz halda və yerə yıxılmış vəziyyətdə aşkarlanıb.
Onun sözlərinə görə, avqustun 28-də Fövqəladə Hallar Nazirliyinin 112 xidmətindən Şimal Regional Mərkəzinə Quba rayonunun Əski İqrığ kəndi ərazisində Əliyev Natiq Namiq oğlunun itməsi ilə bağlı məlumat daxil olub:
“Dərhal FHN-nin Şimal Regional Mərkəzinin Mülkü Müdafiə Qoşunlarının N saylı Hərbi Hissəsinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və Daxili İşlər Nazirliyinin (DİN) polis və Daxili Qoşunların əməkdaşları axtarış-xilasetmə işlərinə cəl edilib. İki gün aparılan axtarış-xilasetmə işləri heç bir nəticə vermədi. 30 avqust tarixində FHN-nin Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində azyaşlı uşaq rayonun Əski İqrığ kəndini ərazisindəki meşə massivinin 6 kilometr dərinliyində dağlıq meşə massivi ərazisində tapılıb. Uşaq huşsuz halda və yerə uzanmış vəziyyətdə aşkarlanıb. Əməkdaşlarımız tərəfindən uşağa ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadasına təhvil verilib”.