Polis əməkdaşları cəzalandırılmayacaqsa….
Hüquq müdafiəçisi Aygül Əsgərzadə Tofiq Yaqublunun döyülməsini hökumət orqanlarının təşkil etdiyini düşünür.
“2021-ci il dekabr ayının 1-də siyasi məhbus Saleh Rüstəmlinin azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun döyülərək, göz və üz nahiyyəsində çoxsaylı zədələrin alması Azərbaycan ictimaiyyətində etirazla qarşılanıb”. Bu sözləri mətbuata açıqlamasında hüquq müdafiəçisi Aygül Əsgərzadə deyib.
Onun sözlərinə görə, Tofiq Yaqublunun müxalif mövqeyinə görə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində, daha sonra isə Bakıdan kənara aparılaraq nəzarətsiz ərazidə saatlarla döyülməsi, bu müddətdə yerinin ailəsinə və ictimaiyyətə bildirilməməsi hüququn aliliyi pirinsiplərinin pozulması ilə yanaşı, Azərbaycan hökumətinin azad sözü, sərbəst toplaşmaq azadlığını məhdudlaşdırdığını, bu məqsədlə kriminal vasitələrə əl atmasını təsdiq edir: “Hökumətin müxalif fikirli insanları kriminal üsullarla susdurmağa çalışması Azərbaycanın beynəlxalq imicini zədələyir, insanların hökumətə inamını sarsıdır. Azərbaycan hökuməti bu cür qeyri-adekvat addımlarla vətəndaşların etimadını zədələyir, onların demokratik inkişafa inamını sarsıdır”.
Hüquq müdafiəçisi əlavə edib ki, ölkə prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda baş verən hər bir prosesdən xəbərdardır: “Bu baxımdan düşünmək olar ki, prezident Əliyev polis əməkdaşları tərəfindən Tofiq Yaqublunun işgəncəyə məruz qalması faktından da, məlumatlıdır. Əgər Tofiq Yaqubluya işgəncə verən polis əməkdaşları və sifarişçilər cəzalandırılmazsa, bu o deməkdir ki, baş verən kriminal hadisə İlham Əliyevin iradə ifadəsinə uyğundur. Bununla yanaşı mən hökumət orqanlarını Tofiq Yaqubluya qarşı baş verən cinayət hadisəsini obyektiv aradırmağa və cinayət törətmiş şəxslər cəzalandırmağa çağırıram”.
Aydın Məmmədli