Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai İnsan haqları Müsahibə Siyasət Xəbərlər

Dövlət müstəqilliyi aktına etinasız münasibət

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı Azadlıq qəzetinə Azərbaycan Müstəqillik Aktının 30 illiyilə bağlı bunları deyib:

30 il öncə, 30 avqust 1991-ci ildə Ali Sovet «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul edib
Sənəddə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanıb.

🔸

Dünyada ikinci elə bir ölkə yoxdur ki, orada dövlət müstəqilliyi ilə bağlı tarixi anlara bizdə olduğu qədər laqeyid və etinasız yanaşılsın. Çünki dövlət müstəqilliyinə gedən yolun, tarixi proseslərin öyrənilməsi və təbliği, bu gün dövlət başçısının dili ilə “satqın” , “xain” ittihamı ilə damğalanan insanların, təşkilatların, əslində bu dövlətin qurucuları olduğunu göstərər.

🔸

Bu müstəqilliyin əldə olunması Azərbaycan xalq hərakatınin təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsinin (AXC) müstəsna rolu ilə bağlıdır. Məhz Azərbaycan xalqının milli iradəsinin ifadə edən AXC-nin mübarizəsi ilə o zaman Ali Sovetdə müstəqillik haqda Bəyannamə qəbul etmək mümkün olmuşdu.
Bu gün bu tarixdə rol almayanlar, o müstəqilliyin qazanılmasında heç bir xidməti olmayanlar, onu unutdurmağa, üstündən sükutla keçməyə çalışırlar. Çünki 10 illər ərzində özününküləşdirdikləri dövləti, xalqın və AXC-nin mübarizəsinin nəticəsi olaraq meydana çıxması həqiqətini, öz keçmişilərinə qarşı tarixi bir qınaq kimi görürlər.
Həm də 30 il əvvəll dövlətin mənbəyinin, yaranmasının millətin iradəsi ilə ərsəyə gəldiyini etiraf etmək, sülalə hakimiyyətinin məramına, dövləti özəlləşdirmə siyasətinə ziddir. Çünki dövləti xalq qurubsa, bu dövlət də xalqa xidmət etməli, hakimiyyət də azad seçki yolu ilə xalqın seçimi ilə formalaşmalıdır.

🔸

Ancaq, biz bunula barışmamışıq və ötən 10 illər ərzində demokratiya uğrunda aparılan mübarizənin məqsədi də zorakılıq və saxta seçkilər yolu ilə qəsb olunmuş dövlətimizi geri qaytarmaq, onu milli iradənin ifadəçisinə çevib, Cümhuriyyət dəyərləri əsasında idarə etmək üçün olub.

🔸

30 il əvvəl xalqımız müstəqil istibdad, müstəqil korrupsiya dövləti yaratmaq üçün meydanlara çıxmamışdı. 200 milyarddan artıq neft qaz gəlirlərini mənimsəyən, təhsildə, iqtisadiyyatda, səhiyyədə, mədəniyyətdə milli tənəzüllə səbəb olan, bizi dünyanın inkişafından geri qoyub xammal satan ölkəyə çevirən, siyasi azadlıqlara görə dünyanın azad olmayan dövlətləri ilə bir sıraya salan, milli mənafelərimizi hakimiyyət maraqlarına görə qurban verən anti milli zehniyyət, dövləti istismar və cəza alətinə çevirən müstəbid idarəçilik, hakimiyyəti dövləti və xalqı soyub talamaq vasitəsi kimi görən korrupsiya siyasəti qaldıqca və davam etdikcə, xalq olaraq müstəqilliyin gerçək bəhrəsini və faydasını görə bilməyəcəyik.

🔸

Azərbaycan dövlət müstəqilliyinin təməlində Cümhuriyyət dəyərləri və demokratik azadlıqlar durur. Dövlətimizin milli rifah üçün çalışması, hər bir vətəndaşının hüquq və azadlıqlarının təminatçısı olması, milli maraqlarımızı təmin etməsi, hüququn üstünlüyünü ən ali meyara çevirməsi, sosial mənsubiyyətidən asılı olmayaraq hər kəsə həyatda özünü reallaşdırmaq imkanı yaratması, cəmiyyətin tərəqqisini və rifahını özünün əsas qayəsinə çevirməsi, məhz, ölkəmizdə Cümhuriyyət dəyərlərinin dövlətə hakim olacağı gün mümkün olacaq.
Bu arzu ilə də müstəqilliyimizin 30 il öncə təməllinin atıldığı tarixi gün münasibəti ilə də sizləri təbrik edirəm.

Azadlıq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir