Milli Şuranın sədri Cəmil Həsənli də Facebook səhifəsindəbu hadisədən yazıb:
“Biz uzun illərdir Azərbaycan hakimiyyətinin natəmiz əməlləri, yalnız özünü deyil, dünyanı da rüşvətə, korrupsiyaya bulaşdırması haqqında deyirik, yazırıq, danışırıq, faktlar ortaya qoyuruq. Bu ölkə başdan-ayağa rüşvət və korrupsiyanın içində olduğu üçün heç bir dövlət idarəsi, hakimiyyət orqanı, hökumət rəsmisi bu rüsvayçılığa reaksiya vermir. Bir qədər əvvəl pul əskinasları kəsilməsində rüşvət faktına görə Avstriya Prokurorluğu bunları yaxalamışdı. Sonra Panama rüsvayçılığı və ofşor hesablar aşkarlandı. İndi də İtaliya hüquq-mühafizə orqanları rüşvət faktına görə cinayət işi açıb. Azərbaycan hökumətinin AŞPA-ya 2,4 milyon avro rüşvət verdiyini aşkarlayıb. Bəla burasındadır ki, bunlar nəinki rüşvət almaqdan, eyni zamanda rüşvət verməkdən də utanmırlar.
Mən hər zaman demişəm: Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv olanda ölkə ictimaiyyəti elə bilirdi ki, hər necə olursa-olsun insan haqları və demokratiya ilə məşğul olan bu beynəlxalq qurum Azərbaycanı öz prinsiplərinə uyğunlaşdıracaq. Amma bunun əksi alındı, Azərbaycan Avropa Şurasını öz natəmiz əməllərinə adaptasiya etdi”.
Cəmil Həsənli bir məsələyə diqqət çəkib: “Bu 2,4 milyon avro AŞPA-dakı İtaliya nümayəndə heyəti sədrinin müavini Luka Volenteye hansı xidmətinə görə verilib? Birdən elə zənn edərsiniz ki, işğal altında olan ərazilərin düşmən taptağından azad edilməsi üçün Azərbaycan hökuməti AŞPA-da lobbi qruplarına pul xərcləyib. Xeyr! Milan prokurorluğunun araşdırmaları göstərib ki, Azərbaycan Milli Məclisinin üzvləri Elxan Süleymanov və Müslüm Məmmədov vasitəçiliyi ilə Luka müəllimə ötürülən bu qədər pul 2013-cü ilin yanvar ayının 23-də Avropa Şurasının Parlament Assambleyasında Almaniyadan olan deputat Ştrasserin “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatını pozmaq, onun qəbul olunmasının qarşısını almaq üçün verilib. Məhz belə rüşvətlər hesabına AŞPA deputatlarının 128 nəfəri Ştrasserin hazırladığı və siyasi məhbus problemi ilə bağlı ölkədəki reallıqları əks etdirən hesabatın əleyhinə səs verdi. Bununla da AŞPA Azərbaycan hakimiyyətinin siyasi repressiyaları genişləndirməsinə kart-blanş vermiş oldu. Bu faktın ən dəhşətli tərəfi odur ki, tutduğu seçkili vəzifəsinin imkanlarından istifadə edərək küllü miqdarda rüşvət alan Luka Volente Azərbaycanda günahsız insanları həbs etməkdə, onlara saxta cinayət işləri quraşdırmaqda, siyasi mülahizələrə görə insanların təqib edilməsində Azərbaycanın avtoritar hakimiyyətinə xidmət edib, onunla əlbir olub. Hələ, 2010-ci ildə İsveçrədə keçirilən bir konfransda AŞPA-nın komitə sədri Dik Marti bəyan etmişdi ki, qarşıdakı parlament seçkilərinə müşahidəçi kimi müsbət rəy vermək üçün Azərbaycan hökumətinin emissarı ona yaxşı qonorar (yəni rüşvət) təklif edib. Amma o, bundan imtina edib. Marti əlavə etmişdi ki, o, bu təklifi alan digər həmkarlarının həmin “qonorardan” imtina etdiklərinə əmin deyil. Deməli, AŞPA neçə illərdir bu vəziyyətdədir. Elə həmin 2013-cü ilin oktyabr ayının 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etməyə dəvət edilmiş AŞPA müşahidə missiyası Avropa məkanında seçkiləri müşahidə etməyə yeganə mandatı olan ATƏT-in Varşava Bürosunun rəyinə qoşulmaqdan imtina etdi. Avropa tarixində ilk dəfə olaraq ATƏT və AŞPA müşahidəçiləri seçkilərə bir-birinə zidd rəy verdilər. ATƏT missiyası 9 oktyabrda seçkilərin 58 faiz saxtalaşdırıldığını, AŞPA nümayəndələri isə onun azad və demokratik şəraitdə keçirildiyini bəyan etdi. Azərbaycandakı prezident seçkiləri ilə bağlı AŞPA müşahidə missiyasına rəhbərlik etmiş Böyük Britaniyadan olan deputat Robert Volterin rəyi niyə ATƏT-in 58 faiz saxtakarlığı özündə əks etdirən rəyinin tam əksi idi. Həmin müzakirələrdə iştirak edən AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt seçkiləri müşahidə missiyasının üzvü kimi Bakıda olduğunu, gedişatı bilavasitə izlədiyini və nəticələri yüksək qiymətləndirdiyini söyləmişdi. O, Robert Volterin həm seçkidən sonrakı bəyanatını, həm də hazırladığı hesabatı tam dəstəklədiyini qeyd etmişdi. Bax, Luka Volentenin Azərbaycan rəsmilərindən aldığı rüşvət üstündə yaxalanması bir daha göstərdi ki, AŞPA hansı rəzalətin içindədir. Vaxtilə Azərbaycan üzrə məruzəçi olmuş AŞ PA-nın hazırkı sədri Pedro Aqramunt seçki saxtakarlığı, siyasi məhbus və demokratiya məsələlərində nə üçün Azərbaycan hakimiyyətinin natəmiz əməllərini müdafiə etdiyinin də sirləri nə vaxtsa açılacaq. 2013-cü ildə siyasi məhbusların haqqını inkar edib Azərbaycan hakimiyyətindən külli miqdarda rüşvət alan Luka Volente də İtalyandır, elə həmin il bu rüşvətin qarşında iradə nümayiş etdirib Azərbaycanda keçirilən prezident seçkilərində 58 faiz saxtakarlığı təsbit edən ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun müşahidə missiyasının rəhbəri Tanda de Zulueta da italyan idi. Amma biri AŞPA-da, digəri ATƏT-də təmsil olunan italyan”.