Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Cavid Şirəliyevin apellyasiya şikayətinə yanvarın 25-də baxılacaq

Yanvarın 18-də Gəncə Apellyasiya Məhkəməsində jurnalist Cavid Şirəliyevin şikayətinə təkrar baxılması baş tutmayıb. Buna prosesə sədrlik edən hakimin dəyişdirilməsi səbəb olub. Dinləmələr yanvarın 25-nə keçirilib. Bu Barədə Turan-a jurnalistin anası məlumat verib.

Xatırladaq ki, 7gun.az-ın redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də həbs edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi onu hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.

C.Şirəliyev 2014-cü il avqustun 30-da DİN əməkdaşları tərəfindən saxlanılıb və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparılıb. O 2013-cü il iyunun ortalarında Asif Orucov oğlu ilə əlbir olaraq Şəfiqə Xankişiyevanı Tovuz rayonunun Qovlar kəndində yerləşən “Tatar” kafesində qumarxana olması haqda nüfuzdan salan material yaymaqla hədələyərək ondan 2 min manat tələb etməkdə ittiham olunur. Müdafiə tərəfinin vergi qurumundan təqdim etdiyi sənədə görə, əslində Tovuz rayonunda belə kafe olmayıb.

Qeyd etmək lazımdır ki, 2012-ci il dekabrın sonlarında C.Şirəliyev “Qırmızı körpü” sərhəd -keçid məntəqəsində şair Bəxtiyar Hidayətin hüquqlarının pozulması haqda məlumatı KİV-ə verdikdən sonra təqiblərə məruz qalıb.

Müdafiə tərəfinin məlumatına görə, məhkəmə C.Şirəliyevin təqsirini sübut edə bilməyib və bütün ifadələr Ş.Xankişiyevanın bəyanatı üzərində qurulub.

Avqustda Ali Məhkəmə C.Şirəliyevin şikayətini qismən təmin edib və işi təkrar baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərib.

Sülh və Demokratiya İnstitutu, “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı və Siyasi Məhbusların Monitorinqi Mərkəzi C.Şirəliyevi 158 nəfərlik siyasi məhbuslar siyahısına daxil ediblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir