Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Vəkil: “İlqar Məmmədov şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəməyə müraciət etməyəcək”

“Dekabrın 11-də 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşdüm. Görüş zamanı prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun səsləndirdiyi təkliflər, o cümlədən, məsələnin həlli yollarının axtarılması üçün konstruktiv danışıqlara dair təklifi müzakirə etdik”, – vəkil Fuad Ağayev Facebook səhifəsində yazıb.

“İlqar Məmmədov bir daha təsdiq etdi ki, onun özü şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı yerli məhkəməyə müraciət etməyəcək. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, onun həbsi və məhkum edilməsi siyasi fəaliyyətinin dayandırılması və susdurulması məqsədi güdüb, buna görə də o, dərhal və qeyd-şərtsiz azad edilməlidir”, – vəkil qeyd edib.
Vəkil iqtidar nümayəndələrinin məsələnin həlli yollarının axtarılması üçün qısa və konstruktiv danışıqlar təklifi ilə bağlı bildirib: “Azərbaycanın beynəlxalq-hüquqi öhdəliklərinin icrası kimi İlqar Məmmədovun cinayət işi üzrə icraata bəraətverici əsasla – cinayət hadisəsi olmadığına görə xitam verildiyi və siyasi fəaliyyətinə əngəllər yaradılmayacağı təqdirdə o, Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana dair Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən sorğunun geri çağırılmasına dair vəsatət verməyə hazırdır”, – vəkil yazıb.

Bu il dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi REAL Hərəkatının lideri İlqar Məmmədovun qeyd-şərtsiz azad edilməsi çağırışına riayət etmədiyinə görə Azərbaycana qarşı prosedura başlayıb.

Avropa İnsan Haqları Məhkəməsi bu qənaətə gəlib ki, İlqar Məmmədova qarşı görülən tədbirlər onun susdurulması və cəzalandırılması məqsədi daşıyır.

Məhkəmə Avropa İnsan Haqları Konvensiyasının 5 (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırılması hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə hədləri) maddələrinin pozulduğunu müəyyən edib.

2017-ci ilin noyabr ayınadək 18-ci maddənin beş dəfə pozulduğu qeydə alınıb.

İlqar Məmmədovdan başqa 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş vermiş hadisələrlə bağlı həbs edilən digər müttəhimlərin hamısı konvensiyaya əsasən azadlığa buraxılıb.

2014-cü il dekabrın 14-dən bəri Nazirlər Komitəsi dəfələrlə qərarlar və qətnamələr qəbul edib, İ.Məmmədovun təcili və şərtsiz azadlığa buraxılmasını tələb edib. Amma Azərbaycan hökuməti bu qərarları indiyədək icra etməyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir