Bir qrup azərbaycanlı investor Gürcüstanda 1,5 mln. dollar itirir və həmin pulların mənimsənilməsində gürcü tərəfdaşlarını ittiham edirlər.
İş üzrə istintaq üç ildir ki, davam edir. Bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı məlumat yayıb.
Azərbaycanlı iş adamlarına (adları açıqlanmır) deyiblər ki, bu məbləği onlara qaytara bilməyəcəklər, çünki torpaq alınması üçün xərcləyiblər. Həmin ərazi isə “Rıja” ləqəbli Georgi Kapanadzeyə və İlya Kokayaya məxsusdur.
Azərbaycanlı iş adamlarının sözlərinə görə, həmin şəxslər onların tərəfdaşlarına himayədarlıq edir və Gürcüstan prokurorluğunun müvəkkil edilmiş şəxsləridir.
“Hüquq mühafizəçilərinin İslahatlar Mərkəzi” QHT-nin üzvü Vaxtanq Beride bildirib ki, Kapanadze və Kokayanın arxasında keçmiş baş prokuror Otar Partsxaladze durur.
Torpaq sahibləri məsələni şərh etmirlər.
Qeyd edək ki, Gürcüstanda vəsait qoyan investorların çoxu onlardan pul tələb edildiyini, əmlaklarının götürüldüyünü və korrupsiyanın olduğunu bildirirlər.
Biznesin ələ keçirilməsinə digər nümunə kimi həkim Fərman Ceyranovun həbsini göstərmək olar. O, Tbilisidə ən yaxşı özəl klinikalardan birini – “Lanset” klinikasını yaradıb.
Bir müddət öncə öz klinikasını satmaq qərarına gəlib, ancaq gürcü alıcılar ona real qiymətin yarısını təklif ediblər. Klinikanı dəyərindən aşağı qiymətə satmaqdan imtina edən F.Ceyranov uydurma ittihamla həbs edilib. Onun yaxınları əmindir ki, F.Ceyranov klinikanı təklif edilən qiymətə satmağa razı olarsa işi qapadacaqlar.