Yaxud, 1-ci Vitse-Prezidentin diqqət ayırdığı məsələyə belə biganəlik nədən xəbər verir?
Azər HƏSRƏT
Bu günlərdə geniş müzakirə edilən mövzulardan biri də orta məktəblər üçün dərslik layihələridir. Müxtəlif rəylər səslənir, iddia edilir ki, Təhsil Nazirliyinin təşkil etdiyi tenderdə qalib gəlmiş dərsliklərin heç də hamısı ədalətli şəkildə seçilməyib. Belə dərsliklər sırasında ən çox müzakirə edilən X sinif üçün tarix kitabıdır. Hər birimizə dəxli olan, strateji əhəmiyyət kəsb edən məsələ olduğu üçün mənim də diqqətimi çəkdi və düşündüm ki, məsələylə maraqlanım.
Maraqlandım. Daha doğrusu, Publika.az saytında dərc edilmiş “Qalmaqallı dərsliyə rəy verən ekspert mübahisələrə NÖQTƏ QOYDU” (qaynaq: publika.az/news/bilik/203868.html) yazısını təsadüfən gördüm, oxudum və çox üzüldüm. Çünki Talıb Quliyev adlı ekspertin nə qədər “ekspert” olduğunu onun adı keçən yazısından dərhal sezmək olur.
Örnəklərə baxaq:
“Bu dərsliyin də keçməsində yardımçı olan ekspertlərin də işini yarıtmaz olduğunu və heç bir əsası olmadan iddia edirlər.” Bu cümləni yazan adamın bir dərslik seçiminə ekspert qismində cəlb edilməsi nə qədər doğrudur? Bu adam düz-əməlli cümlə qura bilmirsə, necə ekspertlik edə bilər? Düzdür, bir az özümüzə zəhmət verib nə demək istədiyini anlaya bilərik. Amma axı söhbət təsadüfi adamdan deyil, orta məktəblər üçün dərslik seçimini həyata keçirən ekspertin yazısından gedir.
Daha bir örnək: “Birinci, siz özünüzün də həm müəllifi olduğunuz və hazırda şagirdlərin istifadəsində dərsliklərdə də istənilən qədər problemlər, qüsurlar, bəzi plagiat məqamlar var.” Bir şey anladınızmı? Bəlkə də anladınız. Amma çətinlik çəkdiniz şübhəsiz.
“Ekspert”in mübahisələrə nöqtə qoymaq üçün yazdığı rəydən daha bir neçə cümləyə baxaq:
“Belə ki, xəritə Hörmüzün azad edilməsini 1620-ci il, səhifədə 24 – də isə 1622-ci il vermisiz. Bu nə deyək?” (Yəqin yazmaq istəyib ki, “Belə ki, xəritədə Hörmüzün azad edilməsini 1620-ci il, səhifə 24-də isə 1622-ci il kimi vermisiniz. Buna nə deyək?”.)
“Leyla xanım əvvəla bu səhvlikləri düzəltsin, sonra başqa dərsliklərdə səhvliklər axtarsın.” (“səhvlik” nə deməkdir?)
“Bu qüsuru xüsusilə dayanmaq istəyirəm. Hörmətli müəllif siz bunu şagirdlərə öyrətməklə nəyə nail olmaq istəyirsiz?” (Burada da “ekspert”in demək istədiyini belə yazmaq olardı: “Bu qüsurun üzərində xüsusilə dayanmaq istəyirəm. Hörmətli müəllif, siz bunu şagirdlərə öyrətməklə nəyə nail olmaq istəyirsiniz?”)
“Mənbə: Azərbaycan tarixi VII cilddə III cild; səh. 194.” Dəfələrlə bu cür istinadı təqdim edən “ekspert”in ağlına gəlməyib ki, “7-ci cilddə 3-cü cild” yerinə belə yazsın: “Mənbə: Azərbaycan tarixi. 7 cilddə, III cild; səh. 194.”
Tarix üzrə “ekspert”in uzun-uzadı “nöqtə qoymaq” cəhdindəki dil və üslub xətalarını bir yerə toplasaq bu adamın ümumiyyətlə orta məktəbi çox zəif qiymətlərlə bitirdiyinə şübhə yeri qalmaz. Hələ mən tarixçi olmadığım üçün onun əsassız olduğunu sübut etməyə çalışdığı tarixi faktlara toxunmaq istəmirəm.
Maraqlıdır ki, bu “ekspert” Təhsil Nazirliyinin daha öncəki tenderlərində qalib gələrək dərc olunmuş və hazırda məktəblərdə istifadə edilən dərsliklərin xeyli qüsurlu olduğunu sübut etməyə çalışır. Necə deyərlər, elə sirr də burda gizlənir. Anlaşılır ki, Nazirliyin bu “ekspert” oyununda obyektivlik təkcə indi deyil, elə buna qədər də arxa planda olub.
Sözümün, əlbəttə ki, canı var.
Neçə aylardır daha bir dərslik komplekti – X sinif üçün “Biologiya” ətrafında müzakirə və mübahisələr gedir. Bəlli olur ki, bu məqsədlə Təhsil Nazirliyinin tenderinə 2 ayrı müəllif qrupu tərəfindən layihə təqdim edilib. Təbii ki, qaydalara uyğun olaraq 2 ayrı nəşriyyatın vasitəsilə. Bunlardan biri qalib elan edilib, digəri isə, iddialara görə, yetərincə bal toplamadığı üçün rədd edilib.
Rədd edilən tərəf – Əməkdar müəllim, Prof. Dr. Məcnun Babayev, Əməkdar müəllim Almaz Həsrət, Əməkdar müəllim, “Biologiya” üzrə f. d. Aygün Əhmədli və Bakı Dövlət Universitetinin müəllimi Eynulla Musayevin həmmüəllifi olduğu kitab keçməyib. Əslində, normaldır. Daha doğrusu, normal demək olardı. Amma iş ondadır ki, keçməyən dərslik komplektinin (dərslik və metodik vəsait) müəlliflərindən 3-ü (Aygün Əhmədli özünü bu prosesdən kənarda tutur. Görünür, öz biliklərinə yetərincə əmin deyil. – A.H.) bu tenderdə obyektivliyin və ədalətin təmin edilməsinə ciddi və əsaslı şübhə duyduqları üçün əvvəlcə Təhsil Nazirliyinə, sonra isə ölkənin 1-ci Vitse-Prezidenti Mehriban Əliyevaya şikayət ünvanlayıblar. Onların bu qədər əminliklə şikayətçi olması isə səbəbsiz deyil. Məsələ ondadır ki, qalib elan edilmiş dərslik komplekti ictimai müzakirəyə verilərkən bəlli olub ki, bu “əsər” elmi səhvlərlə həddən artıq zəngindir. Təbii ki, iş olan yerdə qüsur olar. Amma bu “əsər”də nə az, nə çox, düz 30 səhifəlik səhvlər aşkar edilib. Özü də əksəriyyəti elmi olmaqla. Kitabın da cəmi 208 səhifəsi var ki, onun yarısı olmasa da yarısına yaxını sadəcə şəkillərdir. Elə təkcə bu faktın özü belə bir dərsliyin obyektiv səbəblərdən qalib gəlməsini şübhə altına almağa yetər. Üstəlik, hələ də adları gizli tutulan ekspertlərin də bütün bu qalmaqallara heç bir reaksiya verməməsi, müzakirə və mübahisələrdən sovuşmağa çalışması şübhələri daha da artırır.
Şübhələri çox ciddi şəkildə artıran ən əsas məsələ isə şikayətçilər arasında olan Prof. Dr. Məcnun Babayevin özüylə bağlıdır. Biologiya sahəsinə az-çox dəxli olan hər kəs bilir ki, bu qocaman elm adamı ömrünü məhz bu sahəyə həsr etmiş, onillər ərzində həm dərsliklərin, həm də ayrı-ayrı elmi əsərlərin yazılmasında öndə getmişdir. (Yeri gəlmişkən, qalib elan edilmiş dərsliyin müəllifləri də bir vaxtlar onun tələbələri olub. – A.H.) Bu isə o deməkdir ki, indiki halda biologiya dərsliyi yazan istənilən müəllif mütləq şəkildə Məcnun Babayevin əsərlərindən yararlanmalıdır və yararlanır da. Bəs necə olur ki, bu adamın özünün yazdığı dərslik rədd edilir, onun əsərlərindən yararlanıb dərslik yazanların “əsərləri” qalib gəlir? Üstəlik də yararlananların “əsər”ində heç bir mənbəyə istinad edilmədiyi halda?
Biz qeyd olunan elmi yanlışlardan da örnəklər verə bilərdik. Amma onları bir kənara qoyub ən əsas məsələyə – qalib elan edilmiş dərsliyin kurikuluma uyğunluğuna toxunmaq istərdik. Ümumiyyətlə, daha ciddi ekspertlər kurikulum da daxil olmaqla, qalib dərslikdə mövzu baxımından çox ciddi sayıla biləcək aşağıdakı qüsurları aşkar ediblər:
1. fənn kurikulumundakı bütün məzmun standartlarının reallaşdırılması səviyyəsi, təlim materiallarının və faktların elmiliyi, dəqiqliyi, etibarlılığı, mövzularda didaktik tələblərin (şəxsiyyətyönlülük, tələbyönlülük, nəticəyönlülük, tərbiyəvilik) səviyyəsi gözlənilməyib;
2. tədris vahidlərinin və materialların sadədən mürəkkəbə doğru ardıcıllığı gözlənilməyib;
3. davamlı inkişaf konsepsiyasına müvafiq olaraq ətraf mühitə qayğıkeş münasibət, təbii sərvətlərdən səmərəli istifadə, ictimai və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı mətn çox azdır və ya vacib olan yerdə heç yoxdur;
4. tapşırıq və çalışmalarda yaradıcılıq, rəngarənglik və yaş səviyyəsinə uyğunluq gözlənilməyib;
5. inkluzivliyin təmin olunması və diferensial təlim üçün (təlim nəticələri zəif, yüksək və sağlamlıq imkanları məhdud olanlar) materiallar heç verilməyib;
6. şagirdlərin müstəqil təliminə imkan yaradılmır, mətnlər çox qısa və məlumatsızdır;
7. qapalı, açıq və yarımaçıq tipli tapşırıqların sayının mütənasibliyi, nəzəri məlumatlarla praktik tapşırıqlar arasında vəhdət və mütənasiblik gözlənilməyib;
8. şagirdlər üçün özünü qiymətləndirmə materialları daxil edilməyib.
Bilindiyi kimi, kurikuluma, ümumiyyətlə isə yeni tələblərə uyğun olaraq dərsliklərdə qeyd edilən məqamlara ciddi yanaşma tələb edilir. Amma qalib dərslikdə bütün bu qüsurlar varkən, ekspertlərin heç biri onları fərq etməyib. Bəlkə də edib, kim bilir?
Onu da əlavə edək ki, dil və üslub xətalarıyla da zəngin olan bu dəsrliklə bağlı Məcnun Babayevin başçılıq etdiyi müəlliflər qrupu məhz işin faydası üçün vaxtında həyəcan təbili çalsa da heç kim qulaq asmaq istəməyib.
Buna görə də müraciətlərinə Təhsil Nazirliyindən əsaslı cavab ala bilmədikdə ölkənin 1-ci Vitse-Prezidenti Mehriban Əliyevaya üz tutmalı olublar. Birinci Vitse-Prezidentin katibliyi uyğun şəkildə müraciəti Nazirliyə göndərib, oradan da əvvəlki şablon cavabın demək olar ki, surətini təkrar şikayətçilərə göndərməklə işin bitdiyini zənn ediblər.
Halbuki Nazirliyin vəzifəli şəxsləri şikayətçiləri dəvət edə, ekspertlərin də iştirakıyla onları dinləyə, şikayətlərinin əsaslı olub-olmamasını araşdıra bilərdilər. Amma buna cəhd belə etməyiblər. Sadəcə bu dəfə yazıblar ki, “haqlı hesab edilən bütün irad və təkliflər nəzərə alınacaqdır”. Şikayətçilərsə iddia edir ki, irad və təkliflər o qədər az sayda deyil ki, onları nəzərə almaqla ədaləti bərpa etmək mümkün olsun. Elə təkcə 1-ci Vitse-Prezidentə ünvanlanmış müraciətdə 42 elmi səhv sübutlarla birlikdə təqdim edilib. Özü də qeyd edilib ki, bunlar aşkar edilmiş səhvlərin hamısı deyil.
İndi ən azı 42 elmi səhvi olan bir dərsliyin necə qalib gəlməsini kim və hansı əsaslarla izah edə bilər? Yenə də qeyd edirik: ya ekspertlər naşıdır, ya da ortada neqativ hallar var. Hər iki hal Azərbaycanın gələcəyi olan balalarımıza, Azərbaycana xəyanətdir!
Yeri gəlmişkən, aylardır bu prosesə qarışmıram, kənardan müşahidə edirəm. “Qaliblər” və onların himayədarları ortalığa bəzi şayiələr buraxmaqla özlərini sığortalamaq istəyirlər. Bu işdə hətta çox hörmətli akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını da ustaca işə qatıblar. İddia edirlər ki, “qalib” dərsliyin dərc ediləcəyi “Şərq-Qərb” Nəşriyyatı guya hörmətli akademikə aiddir və ona görə də şikayətlərin heç bir faydası olan deyil. Bu qədərinə cürət edən adamlardan həqiqətən də nə desən gözləmək olar.
Biz, təbii ki, hörmətli Ramiz Mehdiyevin adı keçən nəşriyyata heç bir şəkildə dəxlinin olmadığını çox yaxşı bilirik. Eyni zamanda onu da anlayırıq ki, hörmətli akademik indi hansısa yollarla özünə alim adı almışlardan fərqli olaraq elmin, alimin, məktəbin nə olduğunu hamıdan yaxşı bilir. Təbii ki, onun adının kimlərsə tərəfindən gizli şəkildə bu işə bulaşdırılması heç nəyi dəyişmir.
Hələ bu azmış kimi ölkənin 1-ci Vitse-Prezidenti, təhsilə xüsusi qayğısıyla seçilən, Azərbaycanın yetişməkdə olan nəslinin üzərində sözün bütün mənalarında əsim-əsim əsən hörmətli Mehriban xanım Əliyevanın da yanıldılması cəhdi var bu işin içində. Ona ünvanlanan müraciətə heç bir araşdırma aparmadan şablon cavab verməyə cürət edən aşağı rütbəli məmurlar doğrudanmı üsul-qayda bilmirlər? Doğrudanmı onlar hesab edir ki, ölkənin 1-ci Vitse-Prezidentinin baxılmasını məqsədəuyğun saydığı şikayəti elə beləcə bir qırağa tullayıb növbətçi cavab verməklə işi yoluna qoymaq olar? Anlaşılan odur ki, bu cür yanaşma sərgiləyən adamların dövlət, dövlətçilik və idarəçilik anlayışları sıfırın altındadır. Elə olmasaydı şikayətçilər bir yana, heç olmasa ölkənin 1-ci Vitse-Prezidentinin avtoritetinə belə biganə yanaşmazdılar. Yanaşırlar. Yanaşırlarsa, yəqin ki, tədbir də görüləcək. Buna heç şübhə etmirik.
“Qalib” dərslik komplektinə gəlincə, onu dərc etdirmək istəyən Təhsil Nazirliyi və dərc edəcək nəşriyyat bütün bu iradlardan sonra yenə də heç kimi dinləmədən yoluna davam edəcəksə, bu adamlar Azərbaycan təhsilinə, gələcəyimiz olan uşaqlarımıza qənim kəsilmişdir demək…
Sözardı: Ötən il Aytac Rzayeva adlı bir müəllimin başqalarının yazılarını oğurlayıb öz imzasıyla dərc etdirdiyi faktı aşkarlanmışdı. Yazısı oğurlananlar arasında Almaz Həsrət də vardı. Məsələ ictimailəşdirildi, hətta təhsil nazirliyinin də diqqətinə çatdırıldı. Nəticə də o oldu ki, bir müddət sonra bu Aytac Rzayeva Nazirlikdə dərsliklərin qiymətləndirilməsi üçün ekspert kimi işə cəlb edildiyini bəyan etdi…