İmişli rayonunun məhkəməsi “Gündəm-xəbər” qəzetilə əməkdaşlıq edən fəal Məhbub Zülfüqarovu 5 ay müddətinə azadlıqdan məhrum edib, hüquq-müdafiəçisi Oktay Gülalıyev bildirib.
Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmada təqsirli tanınan müttəhim məhkəmə zalında həbs olunub.
Məhbub Zülfüqarov özünü günahkar hesab etmir.
Onun həbsinə səbəb olkə rəhbərliyi və hüquq-mühafizə orqanlarına Azərbaycan Standartlaşdırma İnstitutu Publik Hüquqi Şəxsin Cənub Ərazi İdarəsinin direktoru Saleh Səmədov barəsində yazdığı şikayət məktubu olub, – Oqtay Gülalıyev deyir.
Azərbaycan Standartlaşdırma İnstitutu ilə əlaqə yaratmaq mümkün olmayıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, həmin şikayət məktubunda göstərilən faktların araşdırılması baş verməyib. “Əvəzində isə Saleh Səmədovun qaldırdığı böhtan iddiası təmin olunub”.
Gundemxeber.az Məhbub Zülfüqarovun ştatdan kənar işlədiyini bildirib.
“Məhbub Zülfüqarov uzun illər bizim daimi oxucumuz olub. Sonradan bizə yazılar göndərib. O, bizim ştatlı işçimiz olmayıb”, – saytın işçisi Mirzə Qurbanov BBC Azərbaycancaya deyib.