Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Qarabağ haqqında bilinməyən həqiqətlər – “Son nəfəsədək” – FOTOLAR

b_550_325_16777215_00_images_xeber_sekilleri_4iyul2017_178d.jpgMüharibə filmlərinin lentə alınmasında iki əsas şərt var: faktların olduğu kimi təqdim edilməsi və insan taleləri. Birinci Qarabağ müharibəsi haqqında çəkilən filmlərin sayı çox deyil. Hər bir film sözsüz ki, müəyyən məqamları ilə digərindən fərqlənir. 

Mediafakt xəbər verir ki, bu il Birinci Qarabağ Müharibəsindən bəhs edən filmlərin sırasına yeni bir film əlavə olunacaq. Bu yaxınlarda çəkilişlərinə start veriləcək yeni film şərti olaraq “Son nəfəsədək” adlanır. Aldığımız məlumata görə digər ekran əsərlərindən fərqli olaraq “Son nəfəsədək” tammetrajlı bədii filminin istehsalına hazırlıq prosesi uzun çəkdi. Bunun da səbəbləri filmin hər bir detalına həssaslıqla yanaşmaq, mükəmməl iş ortaya qoymaq istəyindən irəli gəlirdi. Yəni XXI əsrin tamaşaçısı fərqli tamaşaçıdır, ona kamil iş təqdim etmək lazımdır. Filmin ssenari müəllifinin imzası  Azərbaycan tamaşaçısı üçün yeni olsa da, kinonun dili ilə deyiləsi sözləri çoxdur.

Bu səbəbdən filmin çəkilişləri ərəfəsində filmin ssenari müəllifi və filmin baş prodüseri Nurəddin Aslanovla görüşüb, onun fikirlərini öyrənmək istədik.

– Nurəddin bəy salam! İlk növbədə Azərbaycan tamaşaçısına özünüzü təqdim edərdiniz Nurəddin Aslanov kimdir?

Mən Aslanov Nurəddin Şiraslan oğlu Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olmuşam. Dağlıq Qarabağın coğrafi xəritəsi doğulduğum Veysəlli kəndindən keçdiyinə görə əminliklə qeyd edirəm ki, mən Qarabağlıyam. Bu mənim damarlarımda, şüurumdadır. Qarabağlı olduğuma görə fəxr edirəm. Məhz bu fəxarət hissi məni həqiqətləri kinonun dili ilə söyləməyə vadar etdi. İnanıram ki, bu Azərbaycan tamaşaçısı üçün tam fərqli, yeni bir iş olacaq.

b_550_325_16777215_00_images_xeber_sekilleri_4iyul2017_13d.jpg

– Adətən müharibə haqqında ssenari yazan, film çəkən insan həmin hadisələrin şahidi olmalıdır? Sizdə bu yanaşma necədir?

Tamamilə haqlısınız. Bir faktı deyim ötən əsrdə İkinci Dünya Müharibəsi haqqında ssenari yazan ssenaristlər, film çəkən rejissorlar müharibəni görmüş insanlar idi. Mən də bu ənənədəyəm. Mən şahidəm. Yazdığım ssenari də Qarabağ hadisələrinin ilk başlanma motivləri haqqındadır. Bu hadisələr Azərbaycan tamaşaçısı üçüm yenidir. Tam məsuliyyətimlə deyirəm ki, hadisələr real faktlar əsasında yazılıb. Filmdə baş verən hadisələr Qarabağ müharibəsinin başlanğıcından 1992-ci ilin fevral ayına qədər, yəni Xocalı qətliyamına qədər Azərbaycan xalqının apardığı mübarizə, bu mübarizədə tökülən qanlar, günahsız qurbanlar, igid əsgərlərimizin şücaəti öz əksini tapıb. Vacib məqamlardan biri, bu müharibədə rus-erməni birləşmələrinin o dövrdəki iş birliyinin ssenaridə öz əksini tapmasıdır.

– Yəni filmdə rus personajlarına rast gələcəyik…

Bilirsiniz bu elə bir dövrdür ki, Sovet İttifaqı çökürdü və imperiyanın məkrli siyasəti sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinə də sirayət edirdi. Bəli rus personajları var. Bu personajlar Sovet imperiyasının şinelindən çıxmış və öz mənafelərini güdən hərbiçilərdir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_4iyul2017_15dd.jpg

– Keçək baş qəhrəman məsələsinə. Hadisələri aparan əsas personaj kimdir?

Mən ədəbiyyat, kino ilə yaxından maraqlanıram. Bu ssenarini də birdən-birə yazmadım. İllərdir apardığım müşahidələrimi toplayıb, onları ekranın dilinə uyğunlaşdırmağa çalışdım. Postmodernizmdə baş qəhrəman anlayışı yoxdur.  Dünya bu gün bu yanaşmanı qəbul edir. Aparıcı personaj var ki, bütün dramaturji xətt onun üzərinə düşür. Bəli, ssenarinin aparıcı personajı Yavər İsgəndərovdur. Yavər mənim doğma dayım oğludur. O Yuxarı Veysəlli və ətraf kəndlərin erməni-rus silahlı birləşmələrinin müdafiəsində böyük işlər gördü, igidliklər göstərdi. Buna görə də nəinki öz kəndimiz, ətraf kəndlər və ümumilikdə Qarabağda onun başına and içirdilər.

– Siz hazırlıq prosesində iştirak etdiniz, yoxsa digər ssenaristlər kimi kənardan dayanıb, sadəcə müşahidə etdiniz?

Mənim fikrimcə ssenari ssenaristin övladıdır və şübhəsiz ki, övladı başlı-başına buraxmaq olmaz. Mən məkan seçimində, kastinq prosesində yaxından iştirak etdim. Çünki mən təkcə ssenarist deyiləm, həm də Qarabağlıyam, həmin hadisələrin iştirakçısı və canlı şahidiyəm. Personajların zahiri görünüşündən tutmuş, daxili aləminə qədər hər bir detalın seçilməsində birbaşa özüm iştirak etmişəm. Yenə də deyirəm. Bu film real hadisələr əsasında çəkilir. Heç nəyi şişirtməmişik. Çalışmışam ki, Yavər və onun ətrafında olan bütün insanların adlarını olduğu kimi saxlayaq.  Çünki biz tarixdən yox, insan talelərindən film çəkirik. Burada əsas hərəkətverici qüvvə xalqdır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_4iyul2017_23ff.jpg

– Bu fikriniz mənə lap epopeyanı xatırlatdı…

Əslində doğrudan da epopeyadır. Orada olmuş, mübarizə aparmış hər bir insanın adı hörmətlə anılmalıdır. Bu çox vacib faktordur. Bu ekran əsərində ümumi bir vətən anlayışı, torpaq sevgisi ilə son nəfəslərinədək mübarizə aparan bir kəndin, bir elin tarixçəsi tamaşaçılara çatdırılır. Mən çalışmışam ki, ssenaridə psixoloji məqamları qabardım.

– Buna nail olmuşsunuzmu?

Ssenarini oxuyanlar, bir-birindən xəbəri olmayan insanlar eyni qənaətdədir. Bəli, ssenarinin psixoloji məqamları var.  Çəkiliş prosesində də bu məqamları saxlamağa çalışacağıq.

– Yeri gəlmişkən filmin rejissoru barədə məlumat verərdiniz…

Filmin rejissoru tanınmış və istedadlı rejissor, eyni zamanda prodüser  Elnur Əliyev, quruluşu rəssamı isə bir sıra Azərbaycan filmlərində uğurlu imzası olan Mehriban xanım Əfəndiyevadır.  Fürsətdən istifadə edib göstərdiyi texniki dəstəyə görə “Frame film” studiyasının direktoru Rövşən Quliyevə də dərin təşəkkürümü bildirirəm. Bu filmin ərsəyə gəlməsində Rövşən bəyin vətənpərvərliyini yüksək qiymətləndirirəm.

b_550_325_16777215_00_images_xeber_sekilleri_4iyul2017_123fff.jpg

– Filmin çəkilişləri nə zaman bitəcək?

Yaxın bir ay ərzində çəkilişləri bitirmək niyyətindəyik. Post-prodakşn işləri də paralel olaraq gedəcək. Bilirsiniz, mən şəxsən tələsməyin əleyhinəyəm. Atalar demişkən yüz ölçək, bir biçək.

b_550_325_16777215_00_images_xeber_sekilleri_4iyul2017_12d.jpg

– Filmin təqdimatını nə zaman planlaşdırırsınız?

Payız aylarına. Onu da deyim ki, biz bu filmi təkcə Azərbaycanda deyil, eyni zamanda dünyanın bir sıra ölkələrində nümayiş etdirməyi, dünyanın nüfuzlu film festivallarına təqdim etməyi planlaşdırmışıq. Bu səbəbdən paralel olaraq, filmin ssenarisinin ingilis dilinə tərcüməsi həyata keçirilir, qitə və yerli premyeralar üzrə strateji plan hazırlanır. Azərbaycan həqiqətlərini dünyaya ekranın dili ilə çatdıracağıq.

– Biz də çalışacağıq ki, mütəmadi olaraq, filmin istehsalat prosesini və ondan sonrakı mərhələlərini diqqətdə saxlayaq. Sizə bu şərəfli missiyada uğurlar diləyirik.

Təşəkkür edirəm.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir