Brüssel görüşü niyə təxirə salındı, Əliyev və Paşinyan nə zaman görüşəcək?
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevanda uzaqdan iştirak etdiyi forumda bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında bu ayın sonunda Brüsseldə planlanan görüş baş tutmayacaq.
Toivo Klaar görüşün təxirə salınmasına səbəb kimi vaxt problemini göstərib. Görüşün baş tutmamasının səbəbləri barədə jurnalist Könül Şahin təhlilçilərlə danışıb.
Oktyabrın 5-də Şarl Mişel Qranadada jurnalistlərin suallarını cavablandırarkən tərəflərin bu görüşlə bağlı razılığa gəldiyini açıqlamışdı.
Klaar qeyd edib ki, Brüsseldə Əliyev və Paşinyan arasında yeni bir görüş təşkil etməyə çalışırlar:
“Prosesin ləng olmasına baxmayaraq, biz inanırıq ki, nəticə sənədin imzalanması olacaq”, – Toivo Klaar deyib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Kanadanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib ki, Brüssel görüşünün baş tutmamasına səbəb Azərbaycan Prezidentinin vaxtının olmamasıdır:
“Biz hələ də görüşə hazırıq. Ümid edirəm ki, səbəb həqiqətən də, vaxtın azlığıdır. Və görüşün yeni tarixlərini müəyyən etmək imkanı olacaq. Ermənistan görüşə hazırdır, artıq dediyim kimi, biz sülh gündəminə sadiqik”, – Mirzoyan vurğulayıb.
Daha əvvəl Azərbaycan və Ermənistan liderləri müxtəlif platformalarda çıxışları zamanı əsas məqsədlərinin ilin sonuna qədər sülh sazişinin imzalanması olduğunu vurğulamışdılar.
Oktyabrın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edib.
Oktyabrın 19-da Yerevanda litvalı həmkarı İnqrida Simonite ilə görüşən Paşinyan deyib ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində sülh üçün yol xəritəsi müəyyən edilib.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə köməkçisinin müavini Joshua Huck ilə görüşündə Ermənistanla sülh sazişi üzrə danışıqları irəli aparmaq və mümkün qədər tez bir zamanda imzalamaq arzusunu bir daha bəyan edib.
Həmin gün Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan rəsmi Yerevanın sülh sazişi ilə bağlı Bakının yeni təkliflərini aldığını, amma təklifə hələ cavab vermədiklərini bəyan etmişdi:
“Cavab paketini hazırlayarkən, Azərbaycan tərəfinin Qranada bəyanatı ilə bağlı açıq şəkildə mövqe nümayiş etdirməsini və bunun onlar üçün məqbul olub-olmadığını gündəmə gətirməsini gözləyirik”, – Vahan Kostanyan açıqlamışdı.
Şarl Mişel, Nikol Paşinyan, Olaf Şoltz və Emmanuel Makron tərəfindən qəbul edilən Qranada bəyanatında tərəflər Azərbaycan və Ermənistanın suverenliyinin, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə sadiq qaldıqlarını vurğulayıblar.
Eyni zamanda bəyanatda deyilirdi ki, Qarabağ erməniləri öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını heç bir şərt olmadan, beynəlxalq monitorinq altında istifadə etməkdə azad olmalıdırlar.
BBC News Azərbaycancaya danışan britaniyalı jurnalist və siyasi şərhçi Onnik James Krikorian deyir ki, bu görüşün baş tutmamasının bir çox səbəbi var və bunu gözlənilməz hadisə kimi görməmək lazımdır. O, bunun həftələrdir baş verə biləcəyini güman etdiyini deyir:
“Birincisi, uzun müddətdir ki, Paşinyanın daha yaxşı bir nəticə ümidilə sazişin imzalanmasını gecikdirdiyi ilə bağlı şübhələr vardı və bu, şübhələr oktyabrda Aİ və yenidən Fransaya yönələn hərəkətliliklə daha da artdı. İkincisi, 19 sentyabrda Qarabağa hücumdan sonra Əliyev çox güman ki, artıq bir saziş üçün təcililik görmür”.
BBC