Azərbaycanın aparıcı KİV nümayəndələri Gürcüstanda səfərdə olublar.
Gürcüstan Milli Turizm Adminstrasiyasının dəstəyi ilə gerçəkləşən media-tur qonşu ölkədə tibbi turizminin inkişafı və tanıtımı məqsədi daşıyıb.
11 nəfərlik heyət 2 gün davam edən səfər zamanı Gürcüstanın əsas tibbi turizm məkanlarından biri olan Saçxeri Tibb Mərkəzində olublar.
Qeyd edək ki, bu tibb ocağı 5 hektarlıq ərazidə yerləşən 6 korpuslu çoxprofilli müalicə profilaktika mərkəzidir ki, burada xəstələrin müayinəsi, müalicəsi ilə yanaşı praktiki və elmi araşdırmalar da aparılır.
Azərbaycanlı yazarlar mərkəzin stasionar şöbəsi, ən müasir müayinə aparatları, kliniki-diaqnostik laboratoriyası olan poliklinikası, eləcə də tibbi turizminin vacib atributu olan komfortlu mehmanxanayla tanış olublar.
Saçxeri Tibb Mərkəzinin meneceri Tamar Melikidzenin sözlərinə görə, Azərbaycandan gələn media nümayəndələri əsasən, mərkəzin diaqnostik departamenti ilə maraqlanıblar. Hətta onlardan bəziləri müayinədən keçib.
Səfərdən məmnun qalan azərbaycanlı media nümayəndələri isə Gwrcwstan KIV-ə təəssüratlarını belə bölüşüblər. Teleqraf.com saytının redaktoru Zahid Nurəliyev: “ Maraqlı səfər idi. Gürcü həmkarlarımızla birgə Saçxeri Tibb Mərkəzi ilə tanış olduq, tibbi turizmlə bağlı fikir mübadiləsi apardıq. Saçxeri Tibb Mərkəzi yüksək texniki avadalığı və əksəriyyəti xaricdə təhsil almış peşəkar tibb personalı ilə diqqətimizi çəkdi. Bu gün tibbi turizm bütün dünyada inkişaf etdirilir. Gürcüstan bu sahədə doğru yol tutub. Azərbaycanlılar üçün müalicə məqsədiylə Gürcüstana gəlmək daha asandır. Bu mərkəzdə müayinə tamamilə fərqlidir. Həm də azərbaycanlılar burada özlərini evlərindəki kimi hiss edirlər.
Biz Azərbaycan vətəndaşlarının “Medi-Haus”ub diqqətini cəlb etməsi üçün maksimum informasiya yaymağa çalışacağıq”.
ATV.az, 1news.az, baku.ws portallarının təmsilçisi Aynur Hacıyeva da eyni qənaəti paylaşıb: “Əminliklə deyə bilərəm ki, ölkəmizə çox yaxın olan bu tibb mərkəzinin xidməti Azərbaycanda da böyük diqqət yaradacaq. Onlar mütləq Saçxeri Tibb Mərkəzində müayinə olunacaqlar. Bununçün mərkəz haqda yetərli informasiya yayılmalıdır ki, onu da biz jurnalistlər öhdəmizə götürəcəyik”.
Qeyd edək ki, səfər zamanı Azərbaycanlı jurnalistlər Saçxeri Tibb Mərkəziylə yanaşı, Gürcüstanın qədim və tarixi məkanı olan Zemo İmeretini, Katsxura çayından 40 metr yüksəklikdə olan Katsxiya monolitini , eləcə də tanınmış gürcü şair və ictimai xadimi Akkaki Tseretelinin ev muzeyini ziyarət ediblər.