Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair

ADR hərəkatı olaraq öncə bəyan etmək istərdik ki, biz Azərbaycanın avro-atlantika məkanına səmərəli və hər iki tərəf üçün faydalı inteqrasiyasının tərəfdarıyıq və ona görə də Avropa Parlamentinin Tövsiyələrində Azərbaycanla Strateji Əməkdaşlıq Sazişinin imzalanması üçün irəli sürülən şərtlərin tam yerinə yetirilməsini vacib sayırıq. Bildiririk ki, Azərbaycan hakimiyyətinin son zamanlar islahat adı altında atdığı addımlar sistemsiz və yarımçıq xarakter daşıdığına, ictimai iştirakçılıqla müşahidə olunmadığına, işlək və effektiv icra mexanizmləri ilə təmin olunmadığına görə, hazırkı vəziyyət və gözləntilər Avropa Parlamentinin Azərbaycanla sazişin bağlanması üçün irəli sürdüyü şərtlərə cavab vermir. Hesab edirik ki, Avropa İttifaqının əsas dəyərlərinə və hüquqlarına hörmətin təmin edilməsi istiqamətində Azərbaycan hakimiyyəti tərəfindən edilən səylər yetərincə deyildir. Odur ki, Avropa Parlamenti Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq sazişi bağlanması üçün danışıqları aparanlara irəli sürdüyü şərtlərə əməl olunması üçün bundan sonra aşağıdakı istiqamətlərdə islahatların aparılmasına ehtiyac vardır.

1) Avropa İttıfaqı və Azərbaycan arasında saziş imzalanmamışdan əvvəl Azərbaycanda həbsdə olan siyasi məhbuslar, vicdan məhbuslarının hamısı azad olunmalı, əsas azadlıqları və dinc toplaşma azadlığının bütün formaları təmin edilməli, dinc mitinqlərin keçirilməsinə qoyulan əsassız baryerlər aradan qaldırılmalı, eləcə də hakimiyyət ali səviyyədə seçki institutlarına, qanunun alliliyiyinə etimadın bərpası, insan hüquqları və əsas azadlıqlara əməl olunması üçün dialoqa açıq olduğunu bəyan etməli və bu prosesdə müxtəlif tərəflərin iştirakına nail olmalıdır.

2) QHT-lərin dövlət qeydiyyatı kommersiya qurumlarının dövlət qeydiyyatına uyğunlaşdırılmalı, xarici hüquqi şəxsin qanuni təmsilçisi və təsisçisi üçün nəzərdə tutulan məhdudiyyətlər ləğv olunmalı, QHT-lərin fəaliyyətinə yaradılan hüquqi və tənzimləyici baryerlər aradan qaldırılmalı, QHT-lərin aldıqları qrantların və ianələrin dövlət qeydiyyatına tətbiq olunan icazə sistemi məlumatlandırma ilə əvəzlənməlidir. Bununla yanaşı Azərbaycanda azad və plüralist KİV-i dəstəkləmək üçün rəqabətli mühit yaradılmalı, diskriminasiyalar və azad mətbuatın internet vasitəsilə Azərbaycan ərazisində yayımına qoyulan bloklar aradan qaldırılmalıdır.

3) Məhkəmə sisteminin qərəzsizliyini və onun icra hakimiyyətindən asılı olmamasını təmin etmək üçün məhkəmə sistemində nəzərdə tutulan dəyişikliklərin icrasının effektivliyini artırmaq məqsədilə bu posesdə ictimai iştirakçılıq genişləndirilməli, hakimlərin seçilməsi, məhkəmənin gedişi, qərarları və ondan şikyaətlərə baxılması ilə bağlı informasiyalara çıxış, hesabatlılıq və şəffaflıq təmin edilməlidir. Bununla yanaşı əhalinin hüquqi müdafiəsinin effektivliyini və əlçatanlığını təmin etmək və müstəqil müdafiə institutlarının inkişafı üçün vəkilliyə qəbulla bağlı şifahi imtahan ləğv olunmalı, alternativ vəkillik kollegiyalarının fəaliyyətinə şərait yaradılmalı, hüquqşünaslara etibarnamə ilə təmsil hüququnu məhdudlaşdıran norma aradan qaldırılmalıdır.

4) İqtisadi cinayətlərə, korrupsiya, çirkli pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizənin səmərliliyinin artırılması üçün vəzifəli şəxslər, hakimlər, prokurorlar, parlament üzvləri tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar bəyannamələr ictimaiyyətə açıqlanmalıdır.

5) Avropa Birliyi ilə ticarət və investisiya əməkdaşlığının gücləndirilməsi üçün “Rəqabət Məcəlləsi” qəbul olunmalı, rəqabətin qorunmasına və istehlakçıların müdafiəsinə məsul olan dövlət instututunun müstəqilliyi artırılmalı, Azərbaycanın Dünya Ticarət Təşkilatı ilə danışıqlar prosesini sürətləndirilməli və üzvlük məsələsi yaxın 1 ildə yekunlaşdırılmaldır.

ADR Hərəkatı hesab edir ki, yuxarıda sadalana 5 istiqamət üzrə öhdəliklər Azərbaycan hakimiyyəti tərəfindən yerinə yetirilməyincə Avropa İttifaqı ilə yeni sazişin ilkin qaydada qüvvəyə minməsinə Avropa Parlamenti razılıq verməməlidir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir