Elmar Vəliyevin “ərköyün deputatları” 2020-də də seçiləcəklərmi? Utanmasan “seçilməyə” nə var ki…
Tarixə nəzər salanda görürük ki, dünyada ali rada- milli məclis anlayışı formalaşdıqdan sonra, ayrı-ayrı cəmiyyətlər arasında deputatlara inam və etibar olub. Deputatlar xalqın böyük kəsiminin eşidən qulağı, görən gözü, danışan dili olmaqla, millətin vəkili kimi şərəfli titulla silahlanıblar.
Onlar zaman-zaman ali qanunverici orqanda on minlərin, yüzminlərin, milyonların müqqəddəratını həll ediblər. Çağdaş Azərbaycanda da millət vəkillərinə ehtiramın, inamın nümunələri var. Xatırladım ki, ümummilli liderimiz mərhum Heydər Əliyev də, müstəqil Azərbaycanın tarixinə həm də təəssübkeş millət vəkili kimi daxil olub, ömrünün hər saniyəsini dövlətçilik və milli maraqlarımıza fəda edib. Bu millətə “Yeni Azərbaycan Partiyası” (YAP-red) kimi qüdrətli, parlaq ideologiyalı bir siyasi miras bəxş edib. Bəs sizcə, bu partiyanın çətiri altına sığınıb da, özünün deputat adını doğrultmamaq, ümummilli liderimiz mərhum Heydər Əliyev ideyalarına xələl gətirmək haqqı kimlərəsə verilibmi? Sizcə, tarixi inqilablar şəhərimiz olan Gəncədən millət vəkili seçilib, seçicilərinin deyil, özünün və havadarlarının vəkilliyinə aludə olmaq haqqı kimlərəsə verilibmi? Təəssüf ki, Gəncə seçicilərinin belə ədalara sahib biri xanım olmaqla iki deputatı var. Seçildikləri gündən bəri, gəncəlilər dəfələrlə KİV mənsublarından xahiş ediblər ki, laqeyid deputatları barədə informasiyalar verilsin. Onların seçicilərinə biganəliyi, MM-də “ağızlarına su alıb susmaları” ictimailəşdirilsin. “Demokratik.Az” xəbər portalı olaraq hesab edirik ki, bu istək seçicilərin doğal haqqıdır və bizdən öncə həmkarlarımız üzərlərinə düşəni ediblər. Hərçənd, nə faydası. Mövzu yenə öz aktuallığında, bu deputat titullular da öz işlərində…
“Demokratik.Az” Milli Məclisin ən passiv ismlərindən olan Gəncənin xanım deputatı Kərimzadə Pərvin Orxan qızını, digər passiv deputat Naqif Həmzəyevi gündəmə gətirməyi lazım bilir: Hörmət əlaməti olaraq xanım deputatı önə sürək: Elmar Vəliyevin “ərköyün deputatları” 2020-də də seçiləcəklərmi? “P.Kərimzadəni nə Gəncədəki seçiciləri, nə parlament müxbirləri, nə ictimaiyyət tanıyır. Hətta həmkarları arasında xeyli sayda deputat var ki, Pərvin xanımın millət vəkili olmasından bixəbərdir. Buna səbəbkar isə xanım özüdür. Bu deputatın parlamentdə fəallığını görən olmayıb. Onun indiyə qədər hər hansı çıxışı xatırlanmır ki, millət vəkili pasportu kimi təqdim olunsun. Bundan əlavə, ölkədə iki ildir ki, iqtisadi-sosial gərginlik var.
Deputatlar fikirlərini, təkliflərini irəli sürürlər. Gəncə kimi ölkənin ikinci şəhərinin xanım deputatı isə susmaqdadır. İnternetdə seçki ərəfəsində vətəndaşlarla görüşü barədə xəbərdən başqa informasiya tapmaq olmur. P.Kərimzadə Gəncədə sosial vəziyyətdən danışmalı, Qarabağ probleminin həll ilə bağlı gedən proseslərə mövqeyini açıqlamalı idi. Ancaq Gəncə sakinləri xanım deputatlarının varlığını hiss etmir. Parlamentdə Mehriban Əliyeva, Qənirə Paşayeva, Bahar Muradova, Məlahət İbrahimqızı, Elmira Axundova kifayət qədər fəal millət vəkilləridir. Onların Milli Məclisin iclaslarında çıxışları, təklifləri, müxtəlif hadisələrə münasibətini görmək olar. Həmçinin, mediaya açıq və tez-tez müsahibələr verən xanım millət vəkilləridir. Bildirək ki, Gəncədən seçilən 4 deputatdan birinin qadın olması, məhz cəmiyyətimizdəki qadınların aktivliyinin artması olub. Amma P.Kazımzadənin nə səsini eşidən olub, nə mətbuatda çıxışını görən olub. Xanım deputat hər gün şəhərin GDU, Yap və İHB binası ərazisində gəzişməklə hələlik öz deputatlıq missiyasını tamamlayıb.
Qeyd etmək yerinə düşür ki, eyni sözlər Gəncənin digər deputatı Naqif Həmzəyevə də aiddir.Elmar Vəliyevin “ərköyün deputatları” 2020-də də seçiləcəklərmi?Ölkənin ikinci şəhərinin əhalisi gənc millət vəkilinin yerinə sanballı ziyalı arzulayır. Gəncəlilər onların problemlərini həll etmək iqtidarında olmayan Naqif Həmzəyevin bir xeyrini görməyiblər. Məlumata görə, Gəncənin gənc deputatı Naqif Həmzəyev də, 2015-ci ildən millət vəkili olsa da, bu böyük şəhər üçün heç bir iş görməyib. Özünü şəhərin icra başçısının köməkçisi funksiyasını yerinə yetirən adam kimi aparan Həmzəyevə inamsızlıq yaranıb. Bu üzdən artıq nə seçicilər, nə şəhər sakinləri deputata müraciət etmirlər. Bilirlər ki, onsuz da problemin həllinə qadir deyil. Şəkillərə yaxşı baxın! Sizcə bir deputatın səlahiyyətləri budurmu? İcra başçısına sənədləşmə işlərində yardım etmək millət vəkilliyidirmi? Yəqin, N.Həmzəyevin “canfəşanlığı” deputat seçiləcəyinə çoxdan zəmin yaradıb.
Elmar Vəliyevin qeyri-rəsmi tapşırıqlarını icra edən Naqif Həmzəyevi Gəncədə deputat kimi az adam tanıyır. N.Həmzəyev E.Vəliyevin xahişlərini edən və seçicilərinin müraciətlərinə, zənglərinə telefonunu söndürən bir mandat sahibidir. Geridə qalan dövr ərzində onun da Milli Məclisdə səsini eşidən olmayıb. Ən yaxşı halda AXC liderlərindən olan Rəsulzadəni vətən xaini adlandırmaqla dillərdə əzbərə çevrilib ki, onun cavabını da həmkarı Ağacan Əbiyev verib. Ondan sonra gənc deputatın çıxışları istisna hallarda media səhifələrində görünür. Gəncə Azərbaycanın ən əzəmətli şəhərlərindən biridir. Yerli sakinlərin sözlərinə görə, belə bir şəhərin deputatı gənc Naqif Həmzəyevin olması onların ürəyincə deyil. Onlar hesab edirlər ki, Gəncəyə daha sanballı bir ziyalı deputatlıq etməlidir, onların şikayət və müraciətlərini dinləməlidir. N.Həmzəyev icra başçısının bir sıra xahiş-minnət vəzifələrini də icra edir. Halbuki, deputatın işi Milli Məclisdə Gəncə və ölkədəki aktual mövzular haqda çıxış etmək, məsələ qaldırmaq, iqtisadi böhrandan çıxış yolları haqda təkliflər irəli sürməkdir. Deyilənə görə, N.Həmzəyevin də mandata sahiblənməsində E.Vəliyevin böyük rolu olub. Ona görə də gəncəlilərin fikrincə, millət vəkili də elə Naqif Həmzəyevin timsalında icra başçısı özüdır. Bir sıra xəbər portallarının yazdığına görə, N.Həmzəyev E.Vəliyevin 1-ci müavini olduğu dövrdə onun bütün təlimatlarına boyun əyib və əvəzində deputatlıq mükafatını qazanıb. Onun deputat kimi hər hansı fəallığı isə müşahidə olunmur. Bütün bu faktorlar həm xanım deputatın, eləcə də YAP Gəncə ş təşkilatının sədri olmaqla deputat “seçilən” Naqif Həmzəyevin hesabına mənfi xal kimi yazılıb. Adıçəkilən passiv millət vəkillərinin gələcəkdə yenidən deputat seçilib – seçilməyəcəkləri müzakirə olunur. Gəncəlilər 2020-ci il seçkilərində onların adının mandatlılar siyahısında yer almayacağına ümidlidirlər”. Hər iki deputat Gəncənin icra başçısı Elmar Vəliyevə yaxınlığı ilə seçilən məmurlardandır. Buna görədir ki, digər deputatlar-Xanlar Fətiyev və Musa (Urud-O.N) Quliyevdən fərqli olaraq, özlərini toxunulmaz deputatlar kimi yox, daha çox Elmar Vəliyevə hələ də tabe olan məmurlar kimi aparırlar…
Osman Nərimanoğlu
“Demokratik.Az”