Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Müsavatın qarşısında piket, bahalaşma, süni qiymət artımı… –ADP-dən etiraz

adp

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra ictimai-siyasi məsələlər müzakirə edilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, toplantı iştirakçıları ilk növbədə “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatının dünya ölkələrində azadlığın səviyyəsi ilə bağlı illik hesabatına münasibət bildirib.

Qeyd edilib ki, təşkilatın hazırladığı hesabatın Azərbaycana aid bölməsində ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması, siyasi məhbus məsələsinin gündəmdə qalması, son referendumun xalq iradəsindəən kənar keçirilərək ali icra hakimiyyətə, hakimiyyətin digər qollarını kölgədə saxlayan daha böyük səlahiyyətlərin verilməsi, azad mətbuata basqılar, jurnalistlərin təqib olunması ilə bağlı əksini tapan müddəalar Azərbaycan reallığını düzgün əks etdirir.

Partiya yetkililəri hakimiyyəti hesabatda əksini tapan neqaiv halların aradan qaldırılması, ölkədə insan hüquq və azadlıqlarının, siyasi plüralizmin, mətbuat üzərində basqıların aradan qaldırılması istiqamətində addımlar atmağa beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

İdarə Heyəti Avropa İttifaqı ölkələrinin Daimi Nümayəndələr Komitəsinin Gürcüstanla viza rejiminin ləğvi ilə bağlı qərarnı təqdir edib və bu addımın adı çəkilən qurumla Gürcüstan arasında əlaqələrdə daha geniş perspektivlər açmasını, bu əlaqələr fonunda Gürcüstanın getdikcə bölgədə aparıcı dövlətə çevrilməsi şansının artmasını qeyd edib və hakimiyyəti bu hadisədən düzgün nəticə çıxarmağa, Avropa Birliyi ilə vizasız rejimə keçməsi istiqamətində ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar ABŞ-la İran arasında münasibətlərin gərginləşməsi fonunda Azərbaycanın daha həssas siyasət və bu gərginləşmədən ölkəmizəqarşı yönələ biləcək hər hansı bir təhlükənin sovuşdurulması üçün preventiv addımların atılmasının vacibliyini qeyd edib.

İdarə Heyəti hakimiyyət təmsilçisi olan bir qrup gəncin Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan Müsavat Partiyasının qarşısında piket keçirməsi, partiya üzvlərinə təhdidedici şüarlar səsləndirməsi faktını qətiyyətlə pisləyib və bu hərəkəti hakimiyyətin öz opponentlərinə qarşı siyasi təzyiq faktı kimi dəyərləndirib.

İdarə Heyəti son günlər ölkədə gündəlik təlabat mallarının qiymətinin sürətlə artması, süni bahalaşmanın hər bir ailəni çıxılmaz iqtisadi durumla üz-üzə qoyması faktından ciddi narahat olduğunu bildirib və bu faktın onsuz da sosial iqtisadi böhranın hökm sürdüyü ölkəmizdə vətəndaşların həyat səviyyəsinin daha da pisləşməsi, yoxsulluq həddində yaşayan əksəriyyət insanlarımızın güzəranının ağırlaşması ilə müşahidə olunmasını diqqətə çəkib.

Partiya yetkililəri iqtidarı xalqımızın sosial-iqtisadi vəziyyətinin pisləşməsinə, işsizliyin artmasına yönəlik yanlış iqtisadi siyasətdən əl götürməyə, süni bahalaşmanın və qiymət artımının qarşısını almağa çağırıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir