Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

ADR də seçkiləri boykot etdi

Azərbaycan Demokratiya və Rifah Hərakatı növbədənkənar prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Təşkilatın yaydığı bəyanatda deyilir:

“ADR Hərəkatı səbəbləri açıqlanmadan və zərurəti izah edilmədən qəfil və tələsik verilmiş “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamı Azərbaycanda demokratiyaya növbəti qəsd, ictimai-siyasi qüvvələrə, seçicilərə və bütövlükdə xalqımıza qarşı hörmətsizlik kimi dəyərləndirir. Seçki sistemində islahat aparılmadan, seçki qanunvericiliyi təkmilləşdirilmədən növbədənkənar seçkilərlə bağlı bu sərəncam hakimiyyətin sağlam rəqabət şəraitində mübarizə aparmağa, bərabər şərtlərlə yarışmağa, bir sözlə azad və ədalətli seçkilərin keçirilməsinə hazır olmadığını göstərir.

ADR Hərəkatı hesab edir ki, siyasi dustaqların mövcudluğu, jurnalistlərin, bloqqerlərin və digər fəalların həbsdə saxlanıldığı, təqiblərin davam etdiyi, azad mətbuatın və vətəndaş cəmiyyətinin sıradan çıxarıldığı, siyasi təşkilatların fəaliyyətinin məhdudlaşdırıldığı hazırkı zamanda prezident seçkisinin yerli və beynəlxalq səviyyədə müstəqil müşahidə və monitorinq misiyasının iştirakı olmadan tələsik təşkili, seçkidə əsas alternativlərin iştirak etməməsi onun legitimliyini şübhə altına alır.

ADR Hərəkatı hesab edir ki, hakim partiya tərəfindən hazırkı prezidentin 4-cü dəfə namizədliyinin irəli sürülməsi “Cümhuriyyət ili”ndə ölkədə demokratiyanın deyil, avtoritarizmin daha da güclənməsinə səbəb olacaq. Proseslərin bu cür inkişafı cəmiyyətimizdə mövcud olan siyasi qarşıdurmanın, sosial və iqtisadi problemlərin daha da dərinləşməsinə səbəb olacaq, ən böyük dərdimiz olan Qarabağ probleminin həllində beynalxalq ictimayətin əleyhimizə yönəlməsinə yol açacaq və dövlətimizin beynalxalq imicinə çox ciddi xələl gətirəcəkdir.

Odur ki, ADR Hərəkatı hakimiyyəti Azərbaycanda 100 il bundan əvvəl əsası qoyulmuş demokratik dəyərlərə sadiqlik nümayiş etdirməyə çağırır və bəyan edir ki, növbədənkənar prezident seçkisində demokratik mühit yaradılmadığına, namizədlər üçün azad fəaliyyəti və bərabər imkanları təmin edən qanunverici, tənzimləyici və müşahidəedici institutlar olmadığına, siyasi məhbuslar azad edilmədiyinə görə bu seçkidə iştirakı məqbul hesab etmir. Seçkilərin keçiriləcəyi təqdirdə onun nəticələrini tanımayacağını bildirir.

ADR Hərəkatı, eyni zamanda, bu münasibəti bölüşən demokratik qüvvələrlə əməkdaşlığa, birgə fəaliyyəti təmin etmək üçün müzakirəyə və bu istiqamətdə onlarla məsləhətləşmələrə hazır olduğunu bəyan edir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir