Avropa Şurasına üzv olan ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını nə dərəcədə icra etdiyinə dair statistika açıqlanıb.
Hüquqşünas Xalid Ağalıyev bununla bağlı “Facebook” şəbəkəsində bilgi yayıb.
Məlumata görə Avropa Şurasına üzv ölkələr arasında Avropa Məhkəməsinin qərarlarını ən az icra edən ölkə Azərbaycandır. Yəni Azərbaycan Avropa Məhkəməsi qərarlarının icra edilməməsi göstəricisi üzrə Avropa Şurasında “liderdir”.
Avropa Şurasının dərc etdiyi son statistikaya əsasən, Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı 186 qərar icra olunmayıb. Bu, Avropa Məhkəməsinin Azərbaycana aid qərarlarının 90 faizinin icrasız qalması deməkdir.
Məsələni qısaca – “Təzminat ödəmək, ərizəçinin cibinə pul qoymaq qərarın icra edilməsi demək deyil” formasında şərh edən Xalid Ağalıyev onu da qeyd edir ki, Avropa Şurası ölkələri arasında Avropa Məhkəməsinin qərarlarını ən az icra edən ölkələr siyahısında ikinci yerdə Ukrayna gəlir.
Ukrayna Avropa Məhkəməsinin 910 qərarını icra etməyib. Bu, Avropa Məhkəməsinin Ukraynaya qarşı çıxardığı qərarların 63 faizinin icrasız qalması deməkdir.
Bu sırada üçüncü yer Rusiyanındır. Rusiya Avropa Məhkəməsinin 1572 qərarını icra etməkdən yayınır. Bu da Avropa Məhkəməsinin Rusiya əleyhinə çıxardığı qərarların 61 faizidir.
Ermənistan qərarların 37 faizini, Gürcüstan isə 33 faizini icra etməkdən yayınır.
Andorra, Danimarka, Monako və Norveç Avropa Məhkəməsininin qərarlarını 100 faiz, Estoniya 98 faiz icra edib.