Avropa komissarı Qarabağda müharibənin humanitar fəsadlarını xatırladır
Qarabağda hərbi əməliyyatların dayandırılmasından bir il sonra Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç münaqişənin humanitar nəticələri haqqında memorandum dərc edib, insan hüquqlarının müdafiəsi üçün tövsiyələr irəli sürüb.
Komissar qeyd edib ki, münaqişənin əhatə etdiyi rayonlara çıxış humanitar təşkilatlar, həmçinin insan hüquqlarına əməl olunması missiyaları üçün çox məhdud olaraq qalır.
Miyatoviç humanitar təşkilatlar və hüquq müdafiəçilərinin fövqəladə humanitar yardıma və insan hüquqlarının müdafiəsinə ehtiyacı olan hər kəslə ünsiyyət saxlaya bilməsi üçün bütün müvafiq hakimiyyət orqanlarını effektiv və çevik hərəkət etməyə çağırıb.
“Münaqişə nəticəsində köçürülən və hazırda Ermənistanda və ya Azərbaycanda yaşayan, eləcə də münaqişənin toxunduğu rayonlarda yaşayan hər kəs öz doğma yurduna məcburi qaytarılmamalıdır”, – komissar deyib.
Miyatoviç qeyd edib ki, qayıdış könüllü olmalıdır və təhlükəsizlik şəraitində həyata keçirilməlidir. Namizədlərə qayıtmaq üçün dəqiq məlumat verilməlidir ki, onlar öz seçimi barədə məlumatlandırılmış olsunlar.
O, hərbi əməliyyatlar dayandırıldıqdan sonra minaların partlaması nəticəsində bir çox adamın, o cümlədən mülki şəxslərin ölümündən və ya ciddi yaralanmasından təəssüfləndiyini bildirib.
Miyatoviç tərəfləri minalardan təmizləmə prosesini asanlaşdırmaq üçün əməkdaşlıq etməyə və zəruri məlumatları bölüşməyə çağırıb. O həmçinin Ermənistan və Azərbaycan hakimiyyətlərini Birləşmiş Millətlər Təşkilatının müəyyən növ adi silahların tətbiqinin qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında Konvensiyasını və ona dair protokolları ratifikasiya etməyə çağırıb.
Komissar həmçinin qeyd edib ki,”məhbuslar problemi, əsasən də Azərbaycandakı erməni məhbuslar problemi mübahisəli məsələ olaraq qalır və bu, iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirir.
Miyatoviç həmçinin hər iki ölkədə ictimai müzakirələrdə düşmənçilik və dözümsüzlüyün özünü göstərdiyini qeyd edib.
“Daim aqressiv ritorika və ya “düşmənlər” kimi sözlərdən istifadə müxtəlif tərəflərdəki adamlar arasında düşmənçiliyin qalmasına xidmət edir”, – komissar vurğulayıb.
O, hər iki dövləti nifrətin qızışdırılmasının qarşısının alınması, həmçinin dinc yanaşı yaşamağa və barışığa xidmət edən təşəbbüslərin dəstəklənməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.