Azərbaycan hər zaman səmimi və açıq siyasət yeridir, bütün tərəfdaşlarından, əməkdaşlıq etdiyi dövlətlərdən də eyni münasibəti gözləyir.
Bunu eynilə Hindistana da aid etmək olar. Azərbaycan bu ölkəyə qarşı hər hansı bir formada çıxış etməyib, bu ölkənin maraqlarına zidd olacaq heç bir davranış nümayiş etdirməyib.
Muxalifet.az xəbər verir ki, bunu oxu.az -a açıqlamasında Mili Məclisin (MM) Azərbaycan-Pakistan parlamentlərarası Dostluq Qrupunun üzvü Tahir Rzayev deyib.
“Ancaq işğalçı dövlətin mediasında gedən və hələ də təkzib olunmayan məlumatlardan belə anlaşılır ki, Hindistan Ermənistana silah satmağa hazırlaşır”, – deyən millət vəkilinin sözlərinə görə, əgər bu yöndəki xəbərlər düzdürsə, çox üzücü və təhlükəli bir hadisədir.
“Üzücüdür ona görə ki, bu, Azərbaycanla Hindistan arasında müstəqillik illərində yaradılan əlaqələrə, əməkdaşlığa ciddi zərbə vuracaq, münasibətləri korlayacaq.
Təhlükəlidir ona görə ki, Ermənistanı silahlandırmaqla, Hindistan bu bölgədə gərginliyin davam etməsinə xidmət etmiş olacaq, sülhü, təhlükəsizliyi təhdid edəcək. Bunların hər ikisi qəbuledilməz və yolverilməzdir.
Biz Azərbaycan olaraq istəməzdik ki, Hindistanla işğalçı, təcavüzkar dövlətə görə, əslində, onlara dövlət də demək olmaz, yarımmüstəmləkədirlər, münasibətlər pisləşsin, gərginləşsin. Biz bunda maraqlı deyilik.
Eyni zamanda, Hindistan da bunda maraqlı olmadığını əməli addımlarla sübut etməlidir. Yəni, hətta əgər ilkin razılaşmaları varsa belə, dərhal Ermənistanla silah alış-verişini dayandırmalı, bu sevdadan vaz keçməlidirlər.Ən azı Qoşulmama Hərəkatının üzvü və üç təsisçisindən biri kimi Hindistanın belə bir addıma getməyə haqqı yoxdur.
O, həmin təşkilatın üzvü olan və onun növbəti iclasını yüksək səviyyədə keçirməyə hazırlaşan Azərbaycana qarşı belə bir haqsız addımı atmamalıdır.
Güman edirəm ki, belə də olacaq, münasibətlərə xələl gətirəcək heç bir addıma gedilməyəcək. Amma Ermənistan da yaxşı bilsin ki, əgər onların Hindistanı varsa, olacaqsa, bizim də Pakistanımız var, olub və olacaq.
Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkədən biri, Xocalı qətliamını parlament, dövlət səviyyəsində soyqırımı aktı kimi tanıyan azsaylı ölkələrdən biri, Qarabağ məsələsi, işğal faktı ilə bağlı hələ də Ermənistanla heç bir əlaqə, diplomatik münasibət qurmayan üç ölkədən biri Pakistan…
Ermənistan və Hindistan bunu yaddan çıxarmasın!”, – deyə millət vəkili əlavə edib.
Yenifakt.info
Müstəqil xəbərlər portalı