Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

AŞPA-nın hesabatı: Azərbaycanda prezident seçkiləri demokratik olmayıb

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri azadlıqların məhdudlaşdırılması şəraitində, əsas hüquq və azadlıqları məhdudlaşdıran qanunlara uyğun olaraq keçirilib. Demokratik prinsiplərin gözdən salındığı, qanunun aliliyinə əməl olunmadığı repressiv siyasi şəraitdə ədalətli və azad seçkilər keçirmək mümkün deyil. Bu fonda və hətta kütləvi informasiya vasitələrində plüralizmin olmadığı halda əsl rəqabət olmayıb.

Bu barədə AŞPA-nın Azərbaycanda keçirilən seçkilərlə bağlı rəyində deyilir. Sənədi rumıniyalı deputat Viorel Badya hazırlayıb və iyunun 26-da Strasburqda AŞPA-nın sessiyasında qəbul edilib.

Sənəddə qeyd olunur ki, Azərbaycanda demokratik prinsiplər gözdən salınıb və qanunun aliliyinə əməl olunmur.

Prezidentliyə namizədlər yeni dövlət başçısını tənqid etməkdən çəkiniblər.

Bundan öncə Avropa Şurası Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına dəyişiklikləri tənqid edib. Belə ki, bu düzəlişlər prezidentə vitse-prezident təyin etmək, parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etməyə imkan verib.

Növbədənkənar prezident seçkiləri dördüncü dəfə dövlət başçısı seçilən İlham Əliyevin rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyasının siyasi üstünlüyü şəraitində keçirilib.

Seçki günü yerlərdə məcburi prosedurlara məhəl qoyulmaması, çoxsaylı ciddi pozuntular və şəffaflığın olmaması ilə xarakterizə edilib.

Mərkəzi Seçki Komissiyası (MSK) bildirib ki, seçici iştirakı 74,5% təşkil edib. Beynəlxalq müşahidəçilər məcburi prosedurların pozulması ilə bağlı çoxsaylı hallar qeydə alıblar.

Səsvermə 12% (1300 seçici məntəqəsindən çox) mənfi qiymətləndirilib ki, bu da böyük saydır və ciddi narahatlıq doğurur.

Seçki məntəqələrinin işçiləri nəinki əsas prosedurları icra etməyiblər, üstəlik müşahidəçilərin işinə maneçilik törədiblər. Bununla belə, müşahidəçilər seçki qutularına bülletenlərin topa şəklində atılması, (məntəqələrin 4%-i), seçici siyahılarında (8%) imzaların saxta olması, bir neçə məntəqədə qrup şəklində səsvermə (3%), səs verənlərin barmaqlarında mürəkkəbdən istifadə qaydalarının pozulması (17%), seçicinin imzası olmadan bülletenlərin verilməsi (11%) kimi pozuntuları müşahidə ediblər.

Seçki məntəqələrinin 72%-də naməlum şəxslər iştirak ediblər. Onlar Seçki Komissiyasının işinə müdaxilə edərək onlara göstəriş veriblər. Rəsmi müşahidəçilərə seçici siyahısını yoxlamağa icazə verilməyib.

Beynəlxalq müşahidəçilər kobud pozuntu və qəsdən saxtalaşdırma faktına görə 133-dən çox səsin hesablanmasını mənfi qiymətləndiriblər.

Seçki məntəqələrinin yarısında seçici siyahılarındakı imzalar qutulara atılan bülletenlərin sayı ilə tutuşdurulmayıb.

16 səhifəlik hesabatda çoxsaylı digər pozuntular da açıqlanır.

Sənəddə həmçinin seçkiqabağı vəziyyət qiymətləndirilir ki, bu da ifadə və toplaşma azadlığında plüralizmin olmaması, hakimiyyət namizədinin dəstəklənməsi məqsədilə dövlət məmurunun təzyiqləri ilə xarakterizə olunur.

Ölkədəki media mühiti ifadə azadlığının olduqca məhdudlaşdırılması ilə xarakterizə olunur. Telekanallarda və radiolarda, həmçinin elektron resursların və veb-saytların əksəriyyətində plüralizm yoxdur. Vətəndaş cəmiyyəti və QHT-lər monitorinq və seçkilərin qiymətləndirilməsi prosesindən kənarlaşdırılıb.

Azərbaycan nümayəndə heyəti üzvlərinin ASPA sessiyasında hesabata etiraz etmək cəhdləri uğursuz olub. (Turan)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir